Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-ci ilin noyabrında üçrəngli bayrağı qəbul etdi. Bu bayraq 1920-ci ilin aprelinədək bütün Azərbaycan torpaqlarında dalğalanıb.
Milli demokratik ziyalıların bir hissəsi hələ XX əsrin əvvəllərindən, cümhuriyyət elan olunmadan öncə onun bayrağı barədə düşünüblər. Bu bayraq həm türkçülüyü, həm islami dəyərləri, həm də Avropa dəyərlərini özündə ehtiva etməli idi.
Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı 1918–ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak – bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918 – ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918–ci il tarixində müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də,  Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. İlk rəng millətin adı ilə türkçülüklə bağlıdır. İkinci olan qırmızı rəng türk milləti olaraq Avropaya inteqrasiyanı göstərir. Qırmızı, Azərbaycan xalqının xarakterinə uyğun olan Avropa uğurlarını tətbiq etmək deməkdir. Üçüncü rəng isə ərəblərdən bizə qalan ən böyük miras islami dəyərləri ehtiva edir.
Təəssüflər olsun ki, 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edildi.   Amma gizli şəkildə belə olsa müəyyən insanlarda bayrağımız həmişə mövcud olub. Nəhayət, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edərkən üçrəngli bayrağımız yenidən qəbul olundu. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının 20%-i işğal olundu, bəzən erməni qüvvələri tərəfindən bayrağımız təhqirə məruz qaldı. Amma 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqda hər yerdə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bir uğurumuz da ondan ibarətdir ki, 44 günlük müharibədə qələbə əldə etdikdən sonra hər yerdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə Cümhuriyyətinin bayrağı da dalğalanırdı. Ulu Öndərin də dediyi kimi, bir millət, iki dövlət olduq. Daha sonra 2023-cü ilin sentyabrında antiterror tədbirlərində uğurlar əldə etdik və yenə də bayrağımızı yüksəklərə ucaltdıq. Bu bayraq tariximiz, şərəfimiz və namusumuzdur.

Aynur Xəlilova – politoloq