Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri şəffaf olub və hakimiyyət hər kəsə sübutlar təqdim etməyə hazırdır.
Kobaxidze bu barədə “İmedi” televiziyasının efirində deyib:
“Gürcüstanın müstəqil dövlət olması və orada qəbul olunmuş qanunların tətbiqi ilə hamı barışmalıdır. Biz təmiz seçkilər keçirdiyimizə əmin olmaq istəyən hər kəsə açığıq”, – deyə Kobaxidze vurğulayıb.
O xatırladıb ki, ATƏT-ın Gürcüstandakı seçkilərlə bağlı ilkin rəyi də ümumilikdə müsbətdir.
“ATƏT missiyası seçkilərimizi ədalətli və azad adlandırmadığı qənaətinə gəlməsi ilə bağlı həm burada, həm də xaricdə bəyanatlar verir, lakin bu təşkilat öz hesabatlarında belə terminologiyadan istifadə etmir. Əsas odur ki, ATƏT/DTİHB missiyasının yekunu ümumilikdə müsbətdir. Mətbuat konfransında beynəlxalq müşahidəçilər birbaşa seçkilərin legitimliyi haqqında danışıblar”, – Kobaxidze deyib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb, lakin müxalifət bu nəticələri tanımır. Prezident Zurabişvili seçkiləri tam saxtakarlıq adlandırıb və onları tanımayacağını bildirib.
Seçkilərdə 5 faizlik baryeri keçən dörd müxalifət partiyası parlamenti boykot edəcəklərini bildirib.