Ağstafa, Qazax və Tovuzda 5 tender 5 qanun pozuntusu – Təfərrüat

Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən Dövlət Yanğından Mühafizə Hissələri “Palma-Z” MMC (VÖEN – 3601462631) adlı şirkətlə 5 satınalma müqaviləsi imzalayıblar.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilələrdən 4-ü bir mənbədən satınalma metodu əsasında imzalanıb və dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Yalnız bir müqavilə Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin keçirdiyi kotirovka sorğusunun yekunundan sonra imzalanıb.
Qeyd edək ki, “Palma-Z” MMC ilə bağlanılan müqavilələr aşağıdakılar olub:
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 3 856 manat
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 5 975 manat
Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 2 891 manat
Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 3 881,3 manat
Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 4 892 manat
Məlumat üçün bildirək ki, “Palma-Z” MMC 5 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Qeyd edək ki, “Palma-Z” MMC dövlət qeydiyyatına alınan gün Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi kotirovka sorğusunun qalibi olub. Bu tarixlərdən sonra da “Palma-Z” MMC ancaq Qazax və Ağstafa rayonlarında keçirilən tender müsabiqələrində qalib olub.
Açıq internet resurslarda şirkət batrədə məlumat yoxdur. Şirkətin hansı sahədə fəaliyyət göstərdiyi də bilinmir. Dövlət qurumlarının keçirdiyi müsabiqələrdə isə fərqli sahələr üzrə xidmətlər göstərir, ya da mallar satır.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Tender elan olunduğu gün yaranan şirkətin bir gün də olsun təcrübəsi olmadığı halda müsababiqədə necə qalib olduğu aydın deyil.
Bunlardan başqa “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, hökümətlərarası iclasların keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən Dövlət Yanğından Mühafizə Hissələrinin satınalma prosesini bu şəkildə keçirməsi və müqavilələrin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Ən sonda onu da bildirək ki, dövlət qurumları ilə 5 satınalma müqaviləsi imzalayan “Palma-Z” MMC-nin dövlət büdcəsinə 931,58 manat vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.



Mənbə