Repressiya qurbanlarının xatirə gününün düşüncələri

Bu gün 30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür. Xatırlatmaq yerinə düşər ki, 1974-cü ildə SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən sonra bu tarix qeyd olunur.
Azərbaycan xalqının genefonduna birbaşa zərbə olan repressiya tarixini mən müəyyən qədər də olsa araşdırmışam. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin layihəsi çərçivəsində müəllifi olduğum “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi bu il çap olunub.
Gerçəkdən həmin dövrü araşdırarkən Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. O incidilmiş insanları ruhən dostlarım hesab edirəm. Ən azından həmin insanların ruhlarını şad etmək üçün kitabın davamını yazmağa cəhd göstərirəm. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.
Əslində repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir.
Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialı bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.
Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur.
Qeyd edək ki, 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.
Əkrəm Bəydəmirli