“Bu gün bütün təlatümlərə, əngəllərə baxmayaraq, Türk coğrafiyası genişlənir. Dünyanın belə qaynar çağında türkün qüdrətlənməsi çox müsbət haldır”. “Olaylar” xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: “Türkiyənin və Azərbaycanın böyük dəstəyi ilə formalaşan bu birlik inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir.
Türk dünyasının xarizmatik lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz imanlı yoluna sadiq qalaraq bu proseslərə töhfə verib. Bir daha aydın görünür ki, qardaş ölkədə çox milyonlu seçici kütləsi Prezident Rəcəb Tayyib Ərdoğana və onun siyasi kursuna səs verməklə yanılmayıb.
Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Məhz belə məqamda Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq. Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edirik”.