Bakıdakı ABŞ səfirinə hansı TƏLİMATLAR VERİLDİ? – SENSASİYA

Dövlət Departamenti indi də səfir Mark Libbini danışdırır; görünən mənzərə budur ki, Vaşinqton Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətində deyil, əks halda, konqresmenlərin əsassız tələblərini səfir də təkrarlamazdı
ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciət edərək COP29 ərəfəsində Azərbaycan hökumətinə bütün siyasi məhbusların, o cümlədən erməni separatçılarının sərbəst buraxılması üçün təzyiq göstərilməsinə çağırmasından sonra iki paytaxt arasında yaranmış gərginlik səngimir.
“Yeni Müsavat”ın analitik şöbəsi müşahidə edir ki, son həftələr ABŞ-dan Bakıya bir neçə təmsilçi gəlsə də, Azərbaycan – Vaşinqton münasibətlərində hələlik xüsusi irəliləyiş olmayıb. ABŞ prezidentinin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta isə rəsmi Bakının Dövlət Departamentində Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinə çağıran məktubun yazılmasına dair iddiaları təkzib edib. Prezident  İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqları ilə bağlı qaldırdığı sualı cavablandıran baş məsləhətçi deyib ki, bu mövzu Vaşinqtonla Bakı arasında vaxtaşırı müzakirə olunur. Yada salaq ki, Milli Məclisin 43 deputatı da ABŞ-la iki sazişə xitam verilməsi, USAİD-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlamışdı.
Amma belə görünür ki, “yolüstə” olan Bayden administrasiyası indi də Bakıdakı səfirinə yeni təlimatlar verib. Belə ki, ABŞ-ın Bakıdakı səfiri Mark Libbi Qubad İbadoğlu ilə görüşündə Azərbaycanın daxili işlərinə müdaxilə edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan haqları öhdəliklərinə əməl etməyə, doktor İbadoğluna qoyulan məhdudiyyətləri aradan qaldırmağa və haqsız yerə həbs edilənlərin hamısını azad etməyə çağırır”. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə görüşlə bağlı deyib ki, ABŞ-ın daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur. O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.
“Eyni zamanda ABŞ-da olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, – Ayxan Hacızadə qeyd edib. XİN rəsmisi hesab edir ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır: “Birləşmiş Ştatların insan haqları məsələlərindən daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi istifadə etmək və təhrif etmək hüququ yoxdur. Azərbaycanda əsas hüquq və azadlıqlar tam təmin olunub. Eyni zamanda ABŞ-da olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə yol verilmədən cəza rejimləri ilə bağlı müvafiq qanunların tələblərinə tabedirlər. Bəzi xarici hökumətlərin və siyasətçilərin siyasi üstünlükləri naminə səlahiyyətli məhkəmə tərəfindən milli qanunvericiliyə əsasən məhkum edilmiş bəzi şəxslərin azadlığa buraxılması ilə bağlı əsassız tələblər qanunun aliliyinə həqiqi sadiqliyi şübhə altına alır”.
Görünən mənzərə budur ki, Vaşinqton Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətində deyil, əks halda, konqresmenlərin əsassız tələblərini indi Bakıdakı səfiri də təkrarlamazdı… Bəs vəziyyətin bundan sonrakı inkişafını ekspertlər necə görür?

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqladı ki, Bayden administrasiyası son günə qədər Azərbaycana qərəzli münasibətindən əl çəkmədi: “Artıq Bayden səsvermədə də iştirak edib, təxminən bir həftə sonra yeni prezident məlum olacaq, amma Ağ Ev Bakıdan əl çəkmir ki, çəkmir… Azərbaycan heç zaman Birləşmiş Ştatlarla tərəfdaşlığını korlamaq istəməyib, lakin bu 5 il ərzində Bayden Amerikası eləmədiyi pislik qalmadı. Ən ziddiyyətli nüans budur ki, gah müşavirini, gah köməkçisini göndərir, gah da səfir, yaxud konqresmenlər vasitəsi ilə daxili siyasətimizə burnunu soxur”. Hüquq müdafiəçisi əlavə etdi ki, Q.İbadoğlu ilə bağlı məhkəmə qərar çıxarıb və ev dustaqlığına buraxılıb: “Səfirin yalnız onunla görüşməsi və Azərbaycan hökumətinə çağırış etməsi isə başadüşülən deyil. Səfirlik diplomatik korpusdur və funksiyası bundan ibarət deyil. Təbii ki, COP29 yaxınlaşdıqca, biz Qərb dövlətlərindən hələ bir çox belə addımlar görəcəyik, ona görə təəccüblənmək lazım deyil”.
Ehtiram Mehdiyev: "Çox qürurlu tarixi bir dövrə şahidlik edirik" » Atributinfo.az - Azerbaycan'dan Son Dakika Haberler ve Güncel Bilgiler
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətlərinin normallaşması, Vaşinqtonun işlərimizə qarışmaması 5 noyabr seçkilərinin nəticələrindən asılı olacaq: “Əgər Harris qalib gələcəksə, yenə də ermənipərəst siyasət davam edəcək. Respublikaçı Tramp isə Azərbaycanın daxili işlərinə müdaxilə etməyəcək, bundan əvvəl prezident olduğu dövrü də xatırlaya bilərik. Bayden komandasının səsləndirdiyi çağırışlar isə bəhanədir. Azərbaycana təzyiq göstərmək üçün bu görüşlər təşkil olunur. Sadəcə, Libbi prosesin tərkib hissəsidir, bir mərkəzdən idarə olunur”. E.Mehdiyev vurğuladı ki, rəsmi Bakı səfir Libbinin açıqlamasına görə Vaşinqtona etiraz məktubu göndərməlidir: “ABŞ özünü tərəfdaş ölkə kimi aparmır. Bu, qarşılıqlı əməkdaşlıq prinsiplərinə zidd fəaliyyətdir. Bir ölkə başqa ölkədə müxalifətin hamisi kimi davrana bilməz. Biz ABŞ-dan hörmət tələb edirik. Təəssüflər olsun ki, Amerika həm daxili siyasətdə, həm Qarabağ məsələsində, həm də erməni mövzusunda anti-Azərbaycan mövqedədir. Biz onlardan ədalətli yanaşma görə bilmədik və Bayden hakimiyyətini belə yada salacağıq. Çünki bu şəxs “907-ci düzəliş”in müəlliflərindən biridir və heç zaman Azərbaycana münasibətdə obyektiv ola bilməzdi”.
Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net
Fuad Əliyev
Prezidentliyə keçmiş namizəd, siyasi şərhçi Fuad Əliyev isə hesab edir ki, səfir Mark Libbi özünü müxalifət partiyasının üzvü kimi aparıb: “Qubad İbadoğlu ilə bağlı məhkəmə öz qərarını verib. Birləşmiş Ştatların səfirin dili ilə iqtidara çağırış etməsinə ehtiyac yoxdur. Təkcə Vaşinqton deyil, Avropa İttifaqı, Avropa Parlamenti, Fransa Azərbaycana total hücuma keçib. Biz bu çirkin kampaniyanın nədən qaynaqlandığını yaxşı görə bilirik. Azərbaycan nə zaman mötəbər tədbirlərə ev sahibliyi edirsə, Qərb təsisatları bəyanatlar verməyə, qətnamələr qəbul etməyə başlayırlar. Azərbaycan heç bir dövlətin işinə qarışmır və ona da adekvat münasibət sərgilənməsini tələb edir. Ancaq son dövrlərdə Blinkenin zəngi, Baydenin məktubu, onun nümayəndələrinin ölkəmizə səfərinə baxmayaraq, göründüyü kimi, ikibaşlı siyasət davam etməkdədir”.F.Əliyevin fikrincə, bu siyasi təzyiqlərin arxasında xain planlar və çirkin niyyətlər dayanır: “Məqsəd Azərbaycana nifrət yaratmaq, dövləti dünya aləmində qorxunc bir yer kimi göstərmək, guya burada hər şeyin pis olduğunu servis etməkdir. Bu da xəbislikdən, paxıllıqdan, Azərbaycanın Qarabağdakı tam qələbəsinə olan kin-küdurətdən, qısqanclıqdan irəli gəlir. Əgər COP29 İrəvanda keçirilsəydi, yenə də Baydenin komandası bizim üstümüzə gəlməyə bəhanə tapacaqdı”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”