BRİKS Azərbaycanın artan potensialının reallaşdırılması üçün vacib beynəlxalq platformadır

 
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik siyasi doktrina son illər Azərbayca­na tarixi nailiyyətlər, hərtərəfli iqtisadi uğurlar qazandırmış, respublikamızı regionda güc mərkəzlərindən birinə çevirmişdir. Balanslaşdırılmış və çox­vektorlu xarici siyasət kursu ilə regional və qlo­bal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azər­baycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. BMT, Avropa İttifaqı, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlar­da respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.
Bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Ölkəmiz də rəsmi olaraq bu kluba  qoşulmaq üçün müraciət edib. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astana­da keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin 4.5-ci bən­dində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb.
Oktyabrın 24-də Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdı olduğunu diqqətə çatdırmışdır: “…bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Azərbaycanın BRİCS çərçivəsindəki fəəaliyyəti ölkənin gələcək inkişaf perspektivlərinə hesablanmış ciddi arqumentlərə əsaslanır və onun bu təşkilata daxil olması üçün müraciətin tamamilə praqmatik səbəbləri var. Belə ki, bu təşkilat dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Qurumun qlobal miqyasda tutduğu yer yalnız iqtisadi göstəricilərinə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə böyükdür. BRİCS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır.
BRİCS dünya ÜDM – nin həcmi baxımından ən böyük paya sahib olan və son onilliklərdə ən böyük iqtisadi artım göstərən ölkələr birliyidir. Təsis olunduğu 2006-cı ildən keçən dövr ərzində BRİCS 17-18 faizdən 35-37-faizədək ciddi bir sıçrayışa nail olub.  
Bu baxımdan Azərbaycanın BRİCS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirə bilər. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır. Rusiya, Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatları olan BRİCS ölkələri xüsusilə enerji, kənd təsərrüfatı və emal sahələrində Azərbaycanın ixracına kömək edə bilər. Cənab İlham Əliyev tədbir iştirakçılarının diqqətini bu arealda və qurum daxilində ölkəmizin potensial imkanlarına yönəltmişdir: “Bu fonda Azərbaycan özünün unikal strateji mövqeyi sayəsində BRİCS ölkələrini infrastrukturun, nəqliyyat dəhlizlərinin və logistika mərkəzlərinin inkişafına cəlb edə bilər ki, bu da iqtisadi artımı gücləndirəcək. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir”.
 Prezident İlham Əliyev öz çıxışında Bakının ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağından böyük qürur hissi duyduğunu ifadə edib: “Növbəti ayda təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
BRICS-in Kazan Sammiti həm də Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların çağırışları fonunda ortaya qoyduğu sülh gündəliyinin və təşəbbüslərinin dəqiq konturlarını ifadə etmək, dünya ictimaiyyətinə özünün sülhsevər siyasətini, bölgənin lider dövləti olaraq Azərbaycan-Ermənistan münasibətlərinin sivil məcraya yönəldilməsinə mühüm töhvələr vermək niyyətini nümayiş etdirmək baxımından da əlamətdar hadisədir. Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin ətraflı müzakirəsi, tərəflərin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatların verilməsi onu deməyə əsas verir ki, Azərbaycanın və onun qalib Liderinin sülh naminə ortaya qoyduğu “yol xəritəsi” reallaşmağa doğru yeni və daha mühüm mərhələyə qədəm qoyub.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 
 



Mənbə