23 oktyabr 2024-cü il tarixində Yunanıstanın Heraklion şəhərində 62 ölkədən iştirakçıları özündə birləşdirən Ciu-Citsu üzrə Dünya Çempionatı keçirilmişdir. Bu irimiqyaslı mötəbər turnir əsl döyüş sənətinin təntənəsinə çevrilmiş və iki istedadlı idmançı ilə (Elşən İbişev və Emil Qurbanov) təmsil olunan Azərbaycan nümayəndə heyəti yarışda yüksək səviyyəli çıxışla yadda qalmışdır.
85 kq-dək çəki dərəcəsində yarışan Elşən İbişev Ciu-Citsu üzrə dünya çempionu olmaqla qızıl medal qazanıb. Elşən İbişev idman nailiyyətləri ilə yanaşı, ölkənin idman həyatında da mühüm yer tutur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş təlimatçısı olmaqla, həm də polis mayoru rütbəsinə malikdir. Onun çempionatdakı parlaq qələbəsi təkcə idman ustalığının deyil, həm də fədakarlığının və vətənə sadiq xidmətinin bariz nümunəsi idi.
Elşənin qızıl medala gedən yolu çox təsirli olmuşdur. Belə ki, o, ilk döyüşdə fransalı rəqibini məğlub edərək, taktiki üstünlük və rəqibinin hər bir hərəkətini təxmin etmək bacarığı nümayiş etdirdi. O, ikinci görüşdə turnirin ev sahibi Yunanıstan təmsilçisi ilə qarşılaşıb. Yerli idman ictimaiyyətinin güclü dəstəyinə baxmayaraq, Elşən yarışın favoriti adını qoruyub saxlayaraq, yenidən qalib gəlmişdir.
Təcrübəli ukraynalı idmançıya qarşı üçüncü döyüş əsl sınaq oldu, lakin Elşən bunun da öhdəsindən layiqincə gələrək finala yol açdı. Final döyüşündə o, inanılmaz məharət və güc nümayiş etdirərək İspaniyadan olan döyüşçü ilə qarşılaşıb. Bu döyüşdən də qalib ayrılan Elşən İbişev Azərbaycana qızıl medal gətirərək dünya çempionu adını qazanıb.
Digər idmançımız Emil Qurbanov da Azərbaycanı layiqincə təmsil etmiş və 69 kq-a qədər çəki dərəcəsində çıxış edərək bürünc medal qazanıb. Yüksək rəqabətə baxmayaraq, Emil əla texnika və əsl döyüşçü ruhu nümayiş etdirmiş, turnirin ən güclü döyüşçülərindən birinə çevrilərək fəxri kürsüyə yüksəlmişdir.
Yunanıstanda keçirilən ciu-citsu üzrə dünya çempionatında Elşən İbişev və Emil Qurbanovun qələbələri Azərbaycan üçün qürurvericidir. Elşən İbişev aparıcı idmançı statusunu təsdiq etməklə yanaşı, həm də öz nümunəsi ilə hüquq-mühafizə orqanlarında xidmətlə idman nailiyyətləri arasında sıx əlaqənin mövcudluğunu nümayiş etdirmişdir. Azərbaycan döyüşçülərinin dünya səviyyəsində uğurları onların əzmkarlığının, fədakarlığının və uzun illərin hazırlığının nəticəsidir.
Çempionat başa çatdıqdan sonra hər iki idmançı göstərdikləri dəstəyə və etimada görə məşqçilərə, eləcədə Azərbaycan Ciu-Citsu Federasiyasının Fəxri prezidenti Mir-Əli Seyidova və federasiyanın prezidenti Rafael Bunyatova öz dərin minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Ciu-Citsu Federasiyasının Fəxri prezidenti Mir-Əli Seyidov və baş məşqçi Tehran Seyidov da çempionları təbrik ediblər. Mir-Əli Seyidov ümumi uğurda hər bir komanda üzvünün töhfəsinin olduğunu vurğulayaraq deyib:
“Bu çempionat göstərdi ki, idmançılarımız dünya səviyyəsində tanınmağa layiqdirlər. Biz hər bir döyüşçümüzlə inanılmaz qürur duyuruq və beynəlxalq arenada statusumuzu möhkəmləndirmək üçün çalışmaqda davam edirik”.
Tehran Seyidov isə komandası ilə fəxr etdiyini bildirib və bunları əlavə edib: “İdmançılarımızın əzmi və məharəti yarışın hər mərhələsində özünü büruzə verirdi. Bu hələ başlanğıcdır və biz gələcəkdə idmançılarımızdan daha böyük nailiyyətlər gözləyirik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmana və idmançılara böyük diqqət və qayğısı əminliklə deməyə əsas verir ki, döyüş idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız beynəlxalq arenalarda davamlı olaraq yüksək nailiyyətlər qazanacaqlar.
Azərbaycan Ciu-Citsu Federasiyası