Bu gün dünyada Ermənistan sülh göyərçini rolunu Paşinyanın rejissorluğu ilə ifa etməkdədir. Təbii ki, Cənubi Qafqaz kimi, bir həssas bölgəyə sülh mütləq lazımdır. Amma, lakin Paşinyanın sülh imitasiyası çox təhlükəli perspektivlərdən xəbər verir. Bəs, bu gün sülh müqaviləsində problem nədən qaynaqlanır?
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Bu gün Ermənistan isə öz Konstitusiyasında düzəliş edib bu qondarma iddiaları ortadan qaldırmayıb. Belə bir şəraitdə hansı böyük sülh müqaviləsindən danışmaq olar. Çox maraqlı və təəccüblüdür ki, imitasiya xarakterli Paşinyanın sülh xoruna Qərbin siyasi dairələri də qoşulub. Bu sülh danışıqlarına və müqavilənin imzalanmasına hər bir qüvvə öz maraqları prizmasından yanaşır. Kifayət qədər hiyləgər və situativ siyasətçi olan N. Paşinyanın vaxt qazanmaq, gələcəkdə vəziyyətin dəyişəcəyinə ümidlənmək və s. istiqamətdə planlar qurduğunu müşahidə etmək olar. Şeytan detallarda gizlənib.
Qərbin bəzi siyasi dairələrinin davranışlarına diqqət etdikdə, bu qənaətə gəlmək olar ki, Cənubi Qafqazı bu qüvvələr sakit buraxmaq fikrində deyillər. Bunların hədəfi heçdə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq deyil. Həmin qüvvələrin istəyi Ermənistandan bir vasitə kimi istifadə edərək bu bölgədə yerləşmək, Türk Dövlətləri Təşkilatlarının nəhəng layihələrinin icrasına mane olmaq və ümumilkdə güclənən bu ittifaqı əsas hədəflərdən çəkindirməkdir.
Real vəziyyəti nəzərdən keçirəndən sonra bu qənaətə gəlmək olar ki, bütün təzyiqlərə baxmayaraq, hazırda Azərbaycanın mövcud şərtlərlə Ermənistanla sülh müqaviləsini imzalanması mümkün deyil. Diplomatik sferada effektli fəaliyyətlə bərabər, Ermənistana təzyiqləri artırmaq şərtilə zamanı gözləmək məqbul variant olar. İmitasiya xarakterli sülh gələcək üçün müharibə riskidir. Sabah N. Paşinyan hakimiyyətdə olmayanda digər bir qüvvə Azərbaycana qarşı öz konstitusiyalarına istinad edərək torpaq iddiası qaldırıb beynəlxalq dəstək almağa cəhd göstərə bilər.
Əkrəm Bəydəmirli