Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc – erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri və Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Başarat kəndindəki orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər,Qubadlı Tarix müzeyində saxlanılmış 5 min eksponat və 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağac, Aşağı Xocamusaxlı kəndlərindəki digər tarixi sair abidələr dağıntılara və talana məruz qalıb.
Azərbaycan Ordusunun qabiliyyətli 44 günlük Vətən müharibəsi nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bununla paralel olaraq, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir.
Aynur Xəlilova – YAP üzvü