Vilayət Eyvazov vacib tapşırıqlar verdi – Video

Bu gün Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29-la əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

İclası nazir general-polkovnik Vilayət Eyvazov giriş nitqi ilə açıb.

V.Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.

2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək narkotiklərlə mübarizə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının  artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışıblar.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özəyinin formalaşdığını, infrastrukturun inkişaf etdiyini, müasirləşdiyini, müvafiq fəaliyyətin Nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçimində nəzərəçarpan irəliləyişlərin əldə olunduğunu, Akademiyada təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə Dövlət Başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə həssas münasibətindən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.