Vətənimizin dilbər güşələrindən biri olan Zəngilan öz füsünkar təbiəti, zəngin yeraltı və yerüstı təbii sərvətləri, flora və faunası, çoxsaylı tarixi və dini abidələri, yerləşdiyi əlverişli mövqeyi ilə ölkəmizin ən seçilən rayonlarından biridir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəd olan Zəngilan respublikamızda ərazisindən dörd daimi axarlı çay keçən yeganə rayonumuzdur. Araz çayı, Oxçuçay, Həkəri və Bəsit çay Zəngilan rayonunu ərazisindən keçməklə onun təbiətinə xüsusi zənginlik və gözəllik qatır. Zəngilanın təbiətinə xüsusi gözəllik qatan Bəsitçay çayı hövzəsində böyük bir ərazidə yerləşən yüzilliklərdən keçib gələn dünya şöhrətli təbii çinar meşəsi öz unukallığına və sahəsinə görə dünyada ikinci, Avropada birinci yeri tutur.
XX əsrin sonlarından başlayaraq Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı irəli sürülən torpaq iddaları və ərazilərimizin bir-birinin ardınca işğal olunması Ermənistanla sərhəddə yerləşən Zəngilanda da vəziyyəti olduqca gərginləşdirmişdi. Aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərən zəngilanlılar işğalçı erməni qüvvələri tərəfindən iki ay mühasirədə qaldıqdan sonra yüzlərlə şəhid verərək bölgəni döyüşə-döyüşə tərk etdilər. Mühasirədə qalan on minlərlə dinc sakin Araz çayını keçərək xilas oldu. Yalnız təbiətinin zənginliyi, gözəlliyi ilə deyil həm də insanlarının mərdliyi, qəhrəmanlığı, vətənsevərliyi ilə seçilən Zəngilan 1993-cü il oktyabrın 30-da Erməni işğalçı qüvvələri tərəfindən işğal olunan sonuncü rayon oldu.
27 sentyabr 2020-ci il tarixindən başlayan İknci Qarabağ Müharibəsi 30 ilə yaxın bir zamanda vətən həsrəti,vətən nisgili ilə yaşayaraq köçkünlük həyatı sürən yüz minlərlə Qarabağlı kimi Zəngilanlılarında qəlbində doğma yurdlarının, el-obalarının işğaldan azad olacağı günün yaxında olduğuna inamı dahada artırdı. 44 günlük Vətən Müharibəsinin yaşanan hər bir günü Azərbaycan xalqının tarixinə Qələbə Günü kimi yazıldı. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət və qəhramanlığ göstərərək, düşmən taptağı altında olan torpaqlarımızı qarış-qarış, qanı- canı bahasına geri alırdı. Azərbaycan xalqı hər gününü yeni qələbə xəbərləri ilə açırdı. Nəhayyət yurdumuzun cənnət güşələrindən olan Zəngilandan da şad xəbər gəldi. Bu qələbə xəbərinə təkcə zəngilanlılar deyil bütün xalq sevinirdi. 20 oktyabr 2020-ci il Azərbaycan tarixinə növbəti qələbə günü-Zəngilanın azad olunduğu gün kimi düşdü. Bu xalqın böyük qələbəyə olan inamını daha da artırdı. Uzun illər boyu işğal altında qalmış 132 kilometrlik dövlət sərhəddimiz bərpa edildi.
Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik, şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu ”Zəngilanın azad olunmasına görə” medal ilə təltif olundu.
İndi işğal dövründə erməni vandalları tərəfindən yerlə yeksan edilən, dağıdılan yurd yerlərinin bərpası işinə başlanılıb. “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilərək əlavə 150 ev inşa edilib. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Keçən ildən isə ilk dəfə Zəngilan şəhər günü qeyd edilir. Bütün Qarabağlılar kimi uzun illər vətən həsrəti ilə yaşayan Zəngilanlılar oz doğma Zəngilanlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Könül Əfəndiyeva – YAP üzvü