Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi düşmən taptağı altına düşdü. İşğal nəticəsində Zəngilan rayonunun 45 mindən çox əhalisi respublikanın 43 rayonunda məcburu köçkün olaraq müvəqqəti məskunlaşdılar, rayondakı dövlətə və əhaliyə məxsus olan əmlaklar talan edildi, bütün tikililər, evlər və s. sökülərək Ermənistana və İrana daşındı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmən üzərində qələbələri sıraladı. 44 gün ərzində əsgərlərimiz hər gün irəlilədi, torpaqlarımızı düşmən taptağından azad etdi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci il oktyabrın 18-də ordumuz Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və 3 gündən sonra, Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun qəsəbə və kəndləri işğaldan azad edildi, ən əsası isə işğal altında qalmış 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Zəngilan azad ediəndən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev 12 dəfə səfər edib. Səfərlər onu göstərdi ki, Zəngilan rayonuna Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır.
Bu gün işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın Ağalı kəndi olmuşdur. Bu kənd “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulmuş və bu ilin may ayında məcburu köçkünlərin birinci qrupu burada tikilən 200 fərdi evə köçmüşlər. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi həyata keçirilib.
Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcəkdir. Rayon ərazisində bərpa işləri çərçivəsində ümumi uzunluğu 124 kilometr olan 6 zolaqlı strateji əhəmiyyətli Zəngilan-Horadiz avtomobil yolunun tikintisi davam edir. Zəngilanda istifadəyə verilən hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaqdır.
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunub. Belə ki, işğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Zəngilanda həyata keçirilən quruculuq işlərinə öz töhfəsini verən Heydər Əliyev Fondu tərəfindən 2021-ci il aprelin 26-da Zəngilan məscidinin tikintisinə başlanılıb və həmin gün Prezident İlham Əliyev tərəfindən yeni məscidin təməli qoyulub. 2024-cü il mayın 18-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən oktyabrın 20-si Zəngilan Şəhəri Günü elan edilib. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Artıq ötən il oktyabrın 20-də ilk dəfə Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd edilib və doğma torpaqlarına qayıdan zəngilanlılar bu bayramı böyük coşqu ilə qeyd ediblər.
Mais Əmrahov – ADPU-nin professoru, tarix elmləri doktoru