Türkiyənin Afyonkarahisar şəhərindəki Qurtuluş prospektinə Qarabağ qazisi və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilib.
“Diaspornews.az” xəbər verir ki, oktyabrın 17-də prospektin açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidentin baş müşaviri Yalçın Topçu, Azərbaycannın Türkiyədəki hərbi attaşesinin baş köməkçisi mayor Sərvan Qasımzadə, keçmiş Milli Təhsil Naziri Prof. Dr. Mehmet Sağlam, Çayırbağ bələdiyyə başçısı Ender Kiraz, “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov, MİSRA İnformasiya Təşəbbüsləri İctimai Birliyinin sədri Fuad Abbasov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, İbad Hüseynlinin döyüşçü yoldaşları, yerli bələdiyyə üzvləri, eləcə də Türkiyənin müxətlif regionlarından və Rusiyadan gələn qonaqlar iştirak ediblər.
Mərasim süvari qoşunların milli qəhrəmanı qarşılaması ilə başlayıb. Hər iki ölkənin dövlət himnləri oxunub, daha sonra Qarabağda və Türkiyədə şəhid olan əsgərlər üçün Qurani-Kərim tilavət edilib. İbtidai sinif şagirdləri ənənəvi oyunlardan ibarət qısa şou təqdim etdilər.
Mərasimin açılışında çıxış edən Çayırbağ bələdiyyə başçısı Ender Kiraz İbad Hüseynlinin qəhrəmanlığının unudulmayacağını bildirib. Ender Kiraz prospektə İbad Hüseynlinin adını verməklə sədaqət hisslərini göstərdiklərini vurğulayıb.
Prezidentin baş müşaviri Yalçın Topçu mərasimdəki çıxışında Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu bildirib. Topçu çıxışına bu sözlərlə davam edib: “Azərbaycanın şəhidləri, qaziləri bizimdir. Onların sevinci bizim sevincimiz, ağrıları bizim dərdimizdir. Bu gün bu küçənin adının dəyişdirilməsi qəhrəman veteranımız İbad Hüseynliyə böyük sədaqətinin göstəricisidir. “Bu əhəmiyyətli addımı atdıqları üçün bələdiyyə başçısı Ender Kiraz və şura üzvlərinə təşəkkür edirəm”, – deyə o əlavə edib.
Mərasimdə “Saloğlu” şirkətinin təsisçisi Tacəddin Mustafayev, Rusiya və Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının sədri Məhəmməd Rəfiyev, təşkilatın sədr müavini Faiq Qurbanov və Moskva vilayəti üzrə sədri Təhsin Nəbiyev, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov də çıxış edərək bu tədbirin Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə olduğunu bildiriblər.
Mərasimin sonunda İbad Hüseynli duyğulu çıxış edib. İbad Hüseynli, adının prospektə verilməsindən qürur duyduğunu dilə gətirib, Çayırbağ bələdiyyə sədrinə və mərasimdə iştirak edən protokol üzvlərinə təşəkkür edib. İbad Hüseynli qəhrəmanlıq xatirələrini bölüşüb.
Mərasimdən sonra tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adın 2 küçə və 2 parkın açılışı olub.