Ölkədə açıq-aşkar TİKİNTİ ÖZBAŞINALIĞI – BUNUN BAŞQA ADI YOXDUR…

“Ötən ilin sonunda Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Elə bildik ki, bununla da tikinti sahəsində özbaşınalığa son qoyuldu. Lakin belə olmadı”. Dia-az.Media xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
“Paytaxtda köhnə (guya qəzalı) binaların sökülməsi prosesi davam edir”, deyə baş verənləri təhlil edən hüquqşünas daha sonra bunları əlavə edib: “Bu proses başdan ayağa qanunsuz və böyük ehtimalla korrupsiya əsnasında həyata keçirilir. Necə?
Şəhər icra hakimiyyəti sərəncam verərək binanın altındakı torpağı özəl tikinti şirkətinin istifadəsinə verir və deyir ki, bina sakinləri ilə razılıq əsasında onu sök, yeni binada isə onlara yaşayış sahəsi, tikinti dövrü ərzində isə başqa yerdə yaşamaq üçün kirayə haqqı ver. Tikinti şirkəti sakinlərin bir hissəsi ilə razılığa gəlir, digərləri ilə gələ bilmir (təəssüf ki, bizdə insalarımız birləşib mübarizə apara bilmir, hər kəs özü separat danışıqlar əsnasında udmaq istəyir, amma yekunda hamısı uduzur). Buna baxmayaraq şirkət başlayır binanı sökməyə, işığı və s. kəsir ki, binada yaşamaq mümkün olmasın. Üstəlik narazı sakinləri məhkəməyə də verir ki, onların mülkiyyət hüququna xitam verilsin. Məhkəmələr (başda Konstitusiya Məhkəməsi olmaqla) də bu iddiaları o səbəblə təmin edir ki, bu narazılar razı sakinlərin haqqını pozur və abadlaşma prosesinə mane olur. Bu minvalla faktiki olaraq camaatın binasını zorla əllərindən alırlar. Bundan sonra isə tikinti şirkəti olur atlı, sakinlər isə piyada. Ən pis halda bina ümumiyyətlə tikilmir. Ən yaxşı halda vəd edildiyindən daha uzun müddət ərzində tikilir. Üstəlik sakinlərə müvəqqəti yaşamaq üçün vəsait ya verilmir, ya da qismən verilir. Lakin şəhər icra hakimiyyəti buna görə məsuliyyət daşımır: deyir ki, mən sökməmişəm, özünüz razılaşmısız. Axı tikinti şirkətlərinin bir qayda olaraq heç qara qəpiyi də yoxdur (olanı isə məmurlara rüşvətə sərf edilir), binanı elə gələcək mənzilləri satdıqları vəsait hesabına tikirlər. Təəssüf ki, dövlətimiz indiyədək tikinti şirkətlərinə münasibətdə kapital tələbi müəyyən etməyib. Məsələn, bankın sahibləri banka azı 50 mln manat yatırmalıdır ki, ancaq başqalarının vəsaiti hesabına fəaliyyət göstərməsinlər. Amma tikinti şirkətlərinin sahibi ora pul qoymur, elə cəlb edilmiş vəsaitlə işləyirlər. Pul olmayanda isə layihə iflasa uğrayır.
Təbii, bu proses qanunsuzdur. Əvvəla, bina qəzalıdırsa, onu nə şəhər icra hakimiyyəti, nə də özəl tikinti şirkəti sökməli deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu halda Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etməlidir. Başqa sözlə, dövlət özü buna görə məsuliyyəti üzərinə götürməlidir. Niyə götürmür? Ona görə ki, bu halda sakinlərə özü cavab verməlidir sonra. Nəticədə paradoksal vəziyyət yaranır. Bina qəzalıdırsa, dövlət (şəhər icra hakimiyyəti) niyə bu məsələni tikinti şirkəti ilə sakinlərin razılığının öhdəsinə buraxır? Sabah binada bədbəxt hadisə baş versə, buna görə kim cavab verəcək?
Ona görə ki, bu səbəblə sökülən binaların əksəriyyəti qəzalı deyil. Bəli, köhnədirlər. Amma şəhərdə o qədər köhnə bina var ki, niyə hamısını sökmürlər? Ona görə ki, əsl səbəb binanın qəzalı olması deyil. Əsl səbəb tikinti şirkəti ilə məmurların pul hərisliyidir.
Reallıqda proses belə olur. Tikinti şirkəti hansısa binanı gözaltı edir, sonra şəhər icra hakimiyyəti ilə razılığa gəlir (necə gəldiyini hamımız asanlıqla təxmin edə bilərik) ki, binanın altındakı torpağı onun istifadəsinə versinlər. Nəticədə şəhər icra hakimiyyəti də məlum sərəncamı verir.
Sözügedən sərəncam ancaq ona görə qanunsuz deyil ki, qəzalı binanın sökülməsi haqda qərarı yalnız Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında məhkəmə verməlidir (Konstitusiyanın 29-cu maddəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz). Çünki şəhər icra hakimiyyəti hər bir halda deyə bilər ki, mən binanın sökülməsi haqda qərar verməmişəm, yalnız altındakı torpağı tikinti şirkətinin istifadəsinə vermişəm. Lakin bunun özü də qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən binanın altındakı torpaq sahəsi mənzil mülkiyyətçilərinin istifadəsindədir. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini tikinti şirkətinin istifadəsinə verə bilməz. Ümumiyyətlə, daşınmaz əmlaka, o cümlədən torpağa hər hansı hüquq, o cümlədən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin tikinti şirkətinin bu “hüququ” qeydiyyata alınmır və alına da bilməz, çünki artıq istifadədir (bina sakinlərinin istifadəsində). Şəhər icra hakimiyyəti kimdir ki, başqasına mənsub olan torpaq sahəsinə dair sərəncam versin?!
Beləliklə, tikinti şirkətləri ilə iş birliyinə girən şəhər icra hakimiyyəti tam özbaşınalıq edir, insanların mülkiyyət və istifadə hüququnu kobud şəkildə pozur. Özü də bunu çox savadsız və abırsız şəkildə edir. Çünki tikinti şirkətləri adətən mənzil-tikinti kooperativləri (MTK) formasında fəaliyyət göstərir. Bu da o deməkdir ki, MTK-nin üzvləri elə gələcək binadakı mənzil sahibləri olmalıdır. Lakin binaları sökülən vətəndaşlarımızı MTK üzvü etmirlər, çünki əks halda onlar səs hüququ əldə edərək özləri qərar verə biləcək və MTK-nin faktiki yiyələri (tikinti maqnatları) nəzarəti itirə bilər (belə isə heç tikinti layihəsini mənzil sahiblərindən gizlədirlər, istədiklərini edirlər, hətta bir mənzili bir neçə nəfərə də satırlar). Yəni MTK o deməkdir ki, insanlar özləri toplaşıb onu yaradır ki, bina tiksinlər. Bizdə isə kimlərsə MTK adı altında gəlib binaları sökür. Tam dərəbəylikdir!
Bəs əslində yeni binalar necə tikilməlidir? Mülki Məcəllədə tikintisi başa çatmayan binanın tərkib hissələrinə hüquqların qeydiyyatı institutu ətraflı təsbit edilib (144-1-ci, 147-ci, 770-1-ci maddələr). Yəni dövlət torpağı vətəndaşların mülkiyyətinə verir, tikinti şirkəti də podratçı kimi tikintini həyata keçirir. Gələcək yaşayış sahəsinə hüquqlar da qabaqcadan dövlət qeydiyyatına alınır. Yəni tikinti layihəsinin sahibi tikinti maqnatları yox, gələcək mənzil mülkiyyətçiləri olmalı və pulu da qabaqcadan tam ödəməməlidirlər. Tikinti şirkəti bu halda adi işçidir, podratçıdır, onu hər an işdən kənarlaşdırmaq da olar.
Qanunda bu əminli mexanizm olduğu halda şəhər icra hakimiyyəti və tikinti şirkətləri niyə əyri yollarla gedir? Ona görə ki, niyyət saf deyir. Məmurlar rüşvət almaq, tikinti şirkətləri isə daha çox qazanmaq istəyir. Nəticədə binalar qanunsuz sökülür və tikilir, insanların heç nədən (layihədən, tikintinin keyfiyyətindən və s.) xəbəri olmur, onlardan maya dəyərindən xeyli yüksək pul alırlar və i.a. Üstəlik bina tikiləndən sonra da tikinti şirkəti qanunsuz olaraq onu idarə etməyə davam edir, dövlət orqanları isə buna göz yumur. Çünki əl əli yuyar, əl də üzü…”

Dia-az.Media