Gürcü Arzusu partiyasının Qərblə münasibətlərində problemin dərinləşməsi və bu partiya təmsilçilərinin Rusiya ilə isti münasibətləri Gürcüstanda vəziyyəti gərginləşdirməkdə davam edir. 26 oktyabrda keçiriləcək parlament seçkisi siyasi münasibətlərin kəskinləşməsinə təsir göstərməklə bərabər çevriliş versiyalarını gündəmə gətirir. Baş nazir Kobaxidzenin rəhbərlik etdiyi hakim Gürcü Arzusu Partiyası hazırkı Prezident Zurabişvilini oktyabrın 26-da keçiriləcək parlament seçkisindən sonra müxalifət nümayəndələri ilə “texniki hökumət”in formalaşdırılması barədə danışıqlar apardığı üçün konstitusiyanı pozmaqda ittiham edir.
Gürcüstanda ifrat təsiri olan oliqarx Bidzina İvanişvilinin Rusiyameylli gedişləri cəmiyyətdə parçalanmaları, qütbləşmələri daha da artırıb. Bu qonşu ölkədə baş verən hadisələr onların daxili məsələsidir deyib üstündən keçmək olmaz. Orada baş verən bütün məqamaları diqqətdə saxlamalıyıq.
Gürcüstan tranzit ölkə olaraq Azərbaycanla strateji müttəfiqdir. Bizim bir çox nəhəng neft-qaz, nəqliyyat layihələrimiz bu ölkənin ərazisindən keçərək dünyaya çıxır. Qonşu dövlətin ərazisində baş verəcək hər hansı çaxnaşmalar həmin layihələrin taleyini risk altına qoya bilər. O baxımdan bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, sabitliyin qorunub saxlanması bizim milli maraqlarımıza uyğundur. Digər tərəfdən Gürcüstan ərazisində 300 mindən artıq soydaşımız yaşayır. Uzaq tarix deyil. 90-cı illərdə, regionda çox qarışıq dövrdə onlara qarşı olan münasibətlər, təzyiqlər, təhdidlər bizim yaddaşımızdan silinməyib. O baxımdan Gürcüstandakı soydaşlarımızın taleyinə etinasız yanaşmamaq şərtilə, onların ictimai-siyasi sferada fəallığı, dövlət idarəetmə strukturlarında, parlamentdə təmsilçiliyi çox zəruridir.
Güman edirik ki, kifayət qədər dünyəvi dəyərləri mənimsəyən, Azərbaycanın tranzit layihələrindən maksimum yararlanan gürcü cəmiyyəti bu mərhələləri itkisiz adlayacaq. Bir gün gələcək Rusiya meylli ivanişvililər və o kateqoriyadan olan digərləri olmayacaq. Təhlükəsizlik, sabitlik və inkişaf üçün Gürcüstanın qonşu dövlətlərlə əməkdaşlığı dərinləşəcək. Və o zaman Tiflisi odlara qərq etmək istəyənlərin şansı itəcək.
Əkrəm Bəydəmirli