Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən biri olan “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi “Məktəblilərin sahibkarlıq haqqında təsəvvürlərinin genişləndirilməsi” adlı layihənin icrasını davam etdirir.
Layihə çərçivəsində oktyabr ayının əvvəlində Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəbində, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Balakən 1 nömrəli Peşə Məktəbində və Balakən 2 nömrəli Peşə Məktəbində şagirdlərlə görüşlər keçirildi. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, rayon təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirlərdə giriş nitqi ilə çıxış edən layihə rəhbəri Seymur Əzəmmədov Qeyri-Hökumət Təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıq edib. Layihə rəhbəri bildirib ki, hər bir sahədə olduğu kimi təhsil sahəsində də əsas problemlərdən biri şagirdlər arasında iqtisadi biliklərin artırılması və bazar iqtisadiyyatı şəraitində işləməyi bacara bilən savadlı və təcrübəli şagirdlərin yetişdirilməməsidir. Təhsil sahəsində ümumtəhsil orta məktəblərində bu sahəyə böyük diqqət və qayğı artırılmalı və ciddi məsələ kimi gələcək gənc sahibkarların yetişdirilməsi cəmiyyətimiz üçün ən vacib məsələlərdən biri olmalıdır. İnkişaf etmiş ölkələrin iqtisadi tərəqqi tarixi və təcrübəsi göstərir ki, şagirdlərin mütərəqqi və yaradıcı əməyə cəlb olunması, eləcə də iqtisadi inkişafa nail olmağın başlıca yolu qanunvericilik əsasında sahələr üzrə islahatların həyata keçirilməsindən ibarətdir. Ötən əsrin sonlarında öz müstəqilliyinə qovuşan respublikamızda təhsilin inkişafı üçün böyük islahatlar aparılmışdır. Hazırda davam edən bu addımlar təqdirəlayiq hal sayılsa da, təəssüflə qeyd etmək lazımdır ki, təhsilin idarə edilməsi xüsusilə təhsil sahəsində iqtisadi biliklərin şagirdlərə yetərincə tədris olunması qənaətbəxş dərəcəyə gəlib çatmamışdır. Bunun üçün də şagirdlərimizin bazar iqtisadiyyatı şəraitində işləməyi bacarmağı və bir sahibkar kimi yeni iş yerlərinin açılması və iqtisadi sahədə inkişafa öz təsirini göstərə bilmir. Qarşısına yüksək inkişaf hədəfləri qoyan ölkəmiz də bu kimi halları yaşaması əlbəttə ki, arzuolunmazdır. Problemin məhz bu yöndə kifayət qədər aktual olması nəinki onun həll edilməsini, bu istiqamətdə atılacaq əməli addımların mümkün qədər tez bir zaman çərçivəsində öz həllini tapmasını zəruri edir. Problemin həlli istiqamətində görüləcək işlərdən biri təhsil sahəsində bazar iqtisadiyyatı şəraitində azad rəqabət prinsiplərini yaxından bilən şagirdlərimizin bilik və təcrübələrini artırmaq və gələcəkdə təcrübəli və bacarıqlı sahibkarların yetişdirilməsidir ki, təklif olunan layihənin əsas fəaliyyət forması da məhz elə bundan ibarətdir.
Daha sonra layihə rəhbəri şagirdlərə daha geniş məlumat verməsi üçün sözü təlimçi Fərid Zülfüqara verdi. Təlimçi də öz növbəsində layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Öz çıxışında qeyd etdi ki, layihənin əsas məqsədi təhsil sahəsində bir çox boşluq və problemlərin əsas qaynaqlarından biri olan təhsildə iqtisadi biliklərin artırılması, dünya və milli iqtisadiyyatımızla bağlı geniş biliklərin verilməsi və azad rəqabət şəraitində işləməyi bacaran sahibkarlarımızın yetişdirilməsidir. Bunun üçün əsas vəzifəmiz onların bilik və bacarıqlarının təlimlər vasitəsilə artırmaqdan ibarətdir.
Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində nəşr edilmiş kitabçalar və dəftərxana ləvazimatları paylanıldı.