13 Oktyabr 2024-cü il tarixdə Fairmont Baku otelində Live Mentors komandası tərəfindən III Stomatoloji Xeyriyyə konfransı keçirildi

Missiyası stomatologiyanın inkişafı üçün konfrans və seminarların təşkili və əldə edilən gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi ilə həyat xilas etmək olan Live Mentors komandasının bu il təşkil etdiyi konfransda 500-ə qədər iştirakçı və qonaq iştirak etdi.

Ortopedik stomatologiya ilə bağlı mövzularla zəngin konfrans 13 oktyabr saat 09:00-dan 18:00-a qədər bir zamanı tam əhatə etdi.

Stomatoloji şirkətlərin də sərgidə iştirak etdiyi, Almaniya, Xorvatiya və Sloveniyanın qabaqcıl stomatoloq-həkimləri ilə birlikdə ölkəmizin stomatologiyasının məşhur simalarının məruzəçi qismində çıxış etdiyi konfransda bu il kliniki keyslərin poster müsabiqəsinin qalibləri də elan olundu. Öncəki illərdə keçirilən stomatoloji xeyriyyə konfranslarından toplanan məbləğlər bu günə qədər 16 azyaşlı uşağın həyatlarının xilas edilməsi üçün müayinə, müalicə və cərrahi əməliyyatlar üçün xərclənmişdir. Livementors.org saytının hesabat bölməsi görülən bu işlərin statistikasını özündə əks etdirir. Bu günə qədər şəhid ailələrinin üzvləri və qazilər də daxil olmaqla ehtiyaclılara 370-dən könüllü stomatoloq həkimlər və diş texnikləri tərəfindən 600 min manatdan çox məbləğ dəyərində təmənnasız xidmətlər göstərən Dayaq Xeyriyyə Cəmiyyətinin əsas layihələrindən biri olan stomatoloji xeyriyyə konfranslarının bundan sonrakı illərdə də davam etməyi və həm məruzəçilər və ianəçilər həm də ehtiyaclılar nöqteyi nəzərdən daha böyük coğrafiyanı əhatə edəcəyi planlaşdırılır.