Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər ƏLİYEV prospekti 34 ünvanında yaşayan Bayramov Bəxtiyar Həmid oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edən şikayətçi yazır:
“Hörmətli nazir!
Şikayətimiz Ədliyyə Nazirliyinin Qeyri -hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevdəndir. Mən Bayramov Bəxtiyar Həmid oğlu, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər ƏLİYEV prospekti 34 ünvanında yerləşən ESKA Mənzil Tikinti Kooperativinin təsis etdiyi binanın mülkiyyətçilərinin, təsisçilərinin notarial qaydada təsdiq edilmiş rəsmi nümayəndəsiyəm.
Sözügedən binanın tikintisinə 2008-ci ildə başlanılıb. Bina 2014-cü ildə tam hazır olmasa da, biz ev sahibləri, məcburən şəraitsiz şəkildə burada yaşamağa başladıq. Binanın su, qaz, işıq problemini biz sakinlər həll etmişik. 2018-ci ildən bu günə qədər binanın bütün xərclərini biz sakinlər ödəyirik.
2018-ci ildən rəsmi sənədləşməni çıxmaq şərtilə, bütün idarəetməni biz sakinlər edirik. Biz sakinlərin mübarizəsi və təkidi nəticəsində 23.08 2022-ci ildə 212 mənzili, 3 girişi, 1 zirzəmisi və 10 +1 mərtəbəli bina tam yaşayışa yararlı sayılaraq dövlət reyestri xidməti tərəfindən qeydiyyata alındı.
ESKA MTK-nin hal-hazırkı rəsmi müdiriyyətinin dələduzluq və cinayətkarlıq hərəkətlərindən bütün hüquq mühafizə orqanları və aidiyyəti olan orqanlar xəbərdardır. Demək olar ki, Ədliyyə Nazirliyindən başqa, bütün aidiyyəti orqanların bizə köməyi olub.
Qanunda göstərildiyi kimi, bina 23.08.2022-ci ildə yaşayışa tam təhvil veriləndən bir ay sonra ESKA mənzil tikinti kooperativi idarəetməni biz mülkiyyətçilərə həvalə etməli olduqları halda, hələ də öz cinayətkar və dələduzluq hərəkətlərini davam etdirirlər. ESKA MTK-nın müdiriyyətinin sözügedən binaya aid olan vergidən yayınma hallarını üzə çıxartmışam və dövlət büdcəsinə bir milyon manatdan artıq pul ödənilib. Bir sözlə, biz bina mülkiyyətçiləri Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradıb, idarəetməni öz üzərimizə götürmək istəyirik. Elə buna görə də bütün lazımi sənədləri artıqlaması ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmişik və ciddi səbəb olmadan rədd cavabı almışıq.
Biz yenidən 02.10.2024-cü ildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün lazımi sənədləri artıqlaması ilə nazirliyə təqdim etmişik. Ümidvarıq ki, heç olmasa bu dəfə bizə bürokratik əngəllər yaradılmayacaq. Biz kimlərinsə mülkiyyətini idarə etmək niyyətində deyilik. Sadəcə olaraq öz mülkiyyətimizi özümüz idarə etmək istəyirik. Bu, bizim Azərbaycan Respublikasının Konstitusiyasında təsdiq olunmuş hüququmuzdur.
Cənab nazir!
Biz bina sakinləri artıq dərəcədə sizdən xahiş edirik ki, bizə kömək edəsiniz”.