Qarabağda görülən mədəni yenidənqurma işləri – SİYAHI

 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə  yenidənqurma işlərinə start verilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən işğaldan azad edilmiş ərazilərdə mədəniyyət müəssisələrinin yenidən qurulması məqsədilə işlərin aparılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, indiyədək işğaldan azad edilən ərazilərdə mədəniyyət müəssisələrinin bərpası və yenidənqurması ilə bağlı bir sıra işlər həyata keçirilib:

Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə Füzuli sakinlərinin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçirilir. İlk olaraq 24 şagird təhsilə cəlb edilib. Beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədir.

Cari ilin sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı baş tutmuşdur. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan Kompleks Pənahəli xanın İmarəti, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün cıdırdan ibarətdir.

Bununla yanaşı Şuşa şəhərində Azərbaycan Milli Xalça Muzeyinin filialı, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəyovun ev-muzeyinin fəaliyyəti də bərpa edilmişdir.

İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Müvafiq sahənin mütəxəssisləri ilə sıx əməkdaşlıq nəticəsində qısa müddət ərzində işğal və zəfər muzeyləri kompleksləri üçün xüsusi konsepsiyalar hazırlanmışdır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə sözügedən komplekslərin təməlləri qoyulmuşdur.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə gələcəkdə də beynəlxalq təcrübə, innovativ həlləri ehtiva edən yeni mədəniyyət infrastrukturunun yaradılması nəzərdə tutulmuşdur. Bu layihələr həmin ərazilərə köçürüləcək əhalinin sayı, perspektiv imkanları və s. öyrənilərək mərhələli qaydada həyata keçirilir.