” “Olerni” MMM şirkəti 6 aydır ki, dəniz özülündə çalışan işçilərin əmək haqqını ödəmir…” Dia-az.Media xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşım edərək, əlaqədar qurum və təşkilatların rəhbərlərini problemin həll olunmasına çağırıb.
Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: “Gecikmənin səbəbini isə SOCAR Kompleks Qazma İşləri Trestinin şirkətə olan borcunu ödəməməsi ilə izah edilir. Bununla da Olerni MMM tərəfindən ARƏM maddə 172.5. (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir) pozulub. Verilən məlumat təsdiqini tapdığı halda qurum ölkənin əmək qanunvericiliyini pozduğu üçün ARƏM Maddə 178. 1. (İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir) cəzalanmalıdır.
20 gün əvvəl bir işçi tərəfindən əmək haqlarının gecikdirilməsi ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət olunub…”
Qeyd edək ki, «Olerni» MMM 1997-ci ildə təsis edilmiş əsas fəaliyyəti kranların,neft-qaz separatorların,yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. “Olerni” şirkəti SOCAR-ın neft-qaz sənayesi obyektlərində kranların quraşdırılması,istismarı və təmirini sifarişçinin tələblərinə əsasən aparır.