Cəbrayılda yaradılan müəssisələr sakinlərin məşğulluğunun təminatı olacaq

 
 Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərimizdir. Müharibə başa çatdıqdan sonra dövlət başçımız bura səfəri zamanı mənzərə həqiqətən də acınacaqlı idi. Bu gün isə şəhərin mənzərəsi tamamilə dəyişib. Prezident İlham Əliyevin səfəri zamanı digər azad olunmuş ərazilərimizdə olduğu kimi, buraya da yeni həyatın qayıtdığını gördük. Cəmi 4 ildə baş verən dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. Dövlət başçımızın tapşırığına uyğun olaraq, ilk növbədə minalardan təmizləmə işlərinə start verildi. Çünki böyük qayıdış üçün ilkin şərt təhlükəsizliyin təmin olunması idi. Şəhərdə infrastruktur qurulur, müasir standartlara uyğun yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir.
Dövlət başçımız budəfəki səfər zamanı da Cəbrayılda yeni sosial obyektlərin, sənaye müəssisələrinin təməlini qoydu. Bu isə yeni iş yerləri deməkdir və yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir. Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, ötən həftə – sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başladı. Bu vaxta qədər 133 ailə, ümumilikdə isə 433 nəfər öz ata-baba yurduna qayıdıb. Prezident İlham Əliyev yeni yaşayış kompleksinin açılışında açarları Cəbrayıl sakinlərinə təqdim etdi. 
  30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün bütün addımlar atılır: “Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. 
Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb. “Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı”: – deyə Prezident diqqətə çatdırıb. Bunun səbəbləri barədə danışan dövlətimizin başçısı bildirib: “Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”. Bugünkü günün anti-Azərbaycan qüvvələr üçün matəm günü olduğunu bildirən Cənab Prezident qeyd edib ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür: “Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər”.
“Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir” – deyən Prezident bildirib ki, ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? “Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.
Prezident İlham Əliyev çıxışında bizə qarşı olan düşmənçilik siyasətinin dayanmadığını bildirib: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 



Mənbə