Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI… – NARAZILIQ VAR…

Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi 1923-cü ildən muzey olaraq fəaliyyət göstərir. Muzey 2014-cü ildən UNESKO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.

Muzeydə Azərbaycanın qədim tarixini əks etdirən 11 mindən çox eksponat, eyni zamanda arxiv sənədləri, şəkillər, videoçarxlar, muzey tərəfindən çap olunmuş kitablar və ensiklopediyalar, Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, həmçinin XVIII–XIX əsrə aid kənd sakinlərinin əl işləri və onların məişət şəraitini əks etdirən 20.000-dən çox maraqlı əşyalar yer alıb.

Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.

Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Onu da qeyd edək ki, Azərbaycan kino sənətinin incilərindən biri olan “Əhməd haradadır?” filmindəki hamının yaxşı xatırladığı Kənd Təsərrüfatı Muzeyi ilə bağlı epizodu məhz bu muzeydə çəkilib.

Muzeydə ənənəvi Azərbaycan kəndi, evlər, daxmalar, kəndlinin məşğul olduğu təsərrüfat sahələri, baytarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, ipəkçilik, çayçılıq, milli geyimdə bələdçilər və bu ab-havaya rəng qatan milli Azərbaycan musiqiləri bu məkanı ziyarət edən hər kəsi əsrarəngiz, sehirli bir aləmə aparır.

Məqamında bildirək ki, dünyanın yalnız 5 ölkəsində – Macarıstan, Bolqarıstan, Çin, Amerika və Azərbaycanda Kənd Təsərrüfatı Muzeyi var.

Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi məhv olmaq təhlükəsi ilə üzləşib. Bununla bağlı məsələnin yerində araşdırılması üçün muzey rəhbərliyinin dəvəti ilə sözügedən ünvanda olduq.

Muzeyin direktoru Natiq Qurbanovla söhbət zamanı məsələnin təfərrüatını, problemin nə olduğunu öyrəndik. Məlum oldu ki, məsələ biz zənn etdiyimizdən də dərin və qalmaqallıdır.

Hətta problemin aradan qaldırılması, eləcə də yaşadıqları çətinliklərlə bağlı muzeyinin əməkdaşları kollektiv şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəsmi müraciət ediblər.

Muzeyin direktoru Natiq Qurbanov danışıq əsnasında qeyd etdi ki, Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi Azərbaycanın ən qədim muzeylərindəndir: “Muzey ilk dəfə 1923-cü ildə sərgi olaraq fəaliyyətə başlayıb, 1924-cü ildən etibarən muzey kimi fəaliyyətini davam etdirir. Onu da bildirim ki, Muzey Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Muzeyin Beyləqan rayonunun Yuxarı Aran kəndində Sevil Qaziyeva adına Xatirə Muzeyi filialı da fəaliyyət göstərir. Muzey 2014-cü ildən etibarən UNESCO-nun üzvüdür. Ancaq məsələ ondadır ki, muzey daimi olaraq yerləşmə problemi yaşayıb. 100 illik, qocaman muzey (Bakı şəhəri-28 May küçəsi k-23, Neftçilər prospekti 77, Şıxəli Qurbanov küşəsi-50 və s.) tarixi boyunca 15 dəfə ünvan dəyişib. Belə ki, bir binadan digər binaya, bir ərazidən digər əraziyə köçürülüb. Hər köçürülmə zamanı da tarixi eksponatlar zədələnib, sənədlər itib, bəzi eksponatların bərpası mümkün olmayıb. 2015-ci ildən etibarən muzey öz fəaliyyətini Bakı şəhəri, S.S.Axundov küçəsi 73C ünvanında – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun binasında davam etdirir. Muzeyə daimi şəkildə bağçalardan, məktəblərdən, universitetlərdən ekskursiya üçün uşaqlar, müəllimlər, şagird və tələbələr, xarici qonaqlar gəlir. Şəhərdə yaşayan uşaqlar üçün kənd həyatı və kənd təsərrüfatının sahələri olduqca maraqlıdır. Bakı şəhərində Azərbaycanın kənd təsərrüfatını və onun tarixini vətəndaşlara əyani şəkildə əks etdirən ikinci belə bir muzey yoxdur. Dünya üzrə Kənd Təsərrüfatı Muzeyinin sayı 5-dir, bunlardan biridə Azərbaycanda, Bakı şəhərində fəaliyyət göstərən Dövlət Kənd Təsərrüfatı Muzeyidir.

Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev 2015-ci ilin dekabr ayında Dövlət Kənd Təsərrüfatı Muzeyinin yeni inzibati binasının açılışını edib. Həmin vaxt muzeyin yerləşdiyi bina Kənd Təsərrüfatı Nazirliyinin balansında idi. Sonradan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı və muzey bu inzibati binada yerləşdirildi. Hazırda AQTA ilə KTN arasında muzeyin yeri üstündə yaranan anlaşılmazlıq və narazılıq yaranıb. Belə ki, 101 yaşlı Dövlət Kənd Təsərrüfatı Muzeyi Bakıdan Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin binasına köçürülməsi problemi ilə üzləşib. Halbuki muzeyin ziyarətçi sayını və daha çox xarici qonaqların, həmçinin rəsmi nümayəndə heyətlərinin səfərlərini nəzərə alaraq Bakı şəhərində qalması məntiqli və daha məqsədəuyğundur.

Eyni zamanda, muzeyin bütün işçiləri Bakı şəhərində yaşayır və burada daimi qeydiyyatdadırlar. Muzeyin köçürülməsi bizim üçün onun fəaliyyətinin dayandırması və 21 əməkdaşın işsiz qalmasıdır. Əməkdaşlarımız içərisində Birinci Qarabağ müharibəsi əlili, məcburi köçkünlər, ailə başçıları var. Hazırda mövcud problemlə bağlı muzeyin hər bir işçisi çarəsiz vəziyyətlə üzləşib. Çünki əməkdaşlarımızın sosial və ailə vəziyyəti başqa rayona getməyə imkan vermir. 500-600 manat aylıq əmək haqqı ilə başqa bir şəhərdə muzeyin əməkdaşlarının orada fəaliyyət göstərməsi faktiki olaraq qeyri-mümkündür və bu da işçilərin bilərəkdən işdən uzaqlaşdırılması kimi başa düşülür. Ona görə də dövlət başçımız, möhtərəm prezidentimiz cənab İlham Əliyevə etdiyimiz rəsmi müraciətimizdə xahiş etmişik ki, muzeyin Bakıda yeni binaya köçürülməsi təmin edilsin. Çünki muzeyin köçürülməsi həm tariximizə, həm də tək-tək bütün əməkdaşlarımıza maddi və mənəvi zərər vuracaq”.

N.Qurbanov onu da vurğuladı ki, milli adət ənənələri yaşadan, gələcək nəsillərə ötürmək məqsədilə bu günə qədər qorunan belə bir muzeyin, təlim-tərbiyə ocağının fəaliyyətinin dayandırırılması və yaxud hansısa bir rayona köçürülməsi Azərbaycan kənd təsərrüfatı tarixinin böyük qisminin itməsinə, məhv olmasına gətirib çıxaracaq.

Muzey rəhbərliyi ilə söhbətimizdə sonra muzeyin əməkdaşları ilə də görüşüb, onları dinlədik. Kollektivin üzləşdiyi problemi və onların haqlı olaraq narazılıqlarını oxucularımızın diqqətinə çatdırırıq:

“Muzeyin Gəncəyə köçürülməsi qərarı absurddur”

Vəfa Əliyeva, şöbə müdiri: “Universiteti bitirəndən sonra – 1997-ci ildən etibarən 27 ildir ki, bu muzeydə işləyirəm. Üzləşdiyimiz bu xoşagəlməz problem bizi çox narahat edir. Çünki belə bir muzey Bakıda fəaliyyət göstərməlidir. Hansısa bir rayona, ucqar regiona köçürülməməlidir. 101 yaşlı bu muzey yarandığı gündən Bakıda fəaliyyət göstərib. İndi bizə deyirlər ki, 10 günə muzeydəki eksponatları yığıb göndərin Gəncə Aqrar Universitetinə. Əvvəla, bu muzeydə çalaşanların hamısı ailəlidir və Bakıda yaşayırlar. Hər birimizin də ailəsində, himayəsində körpə uşaqlar, yaşlı valideynlər var. Şəxsən mənim həyat yoldaşım, eyni zamanda da üç oğlum var. Mən onları burada qoyub özüm Gəncəyə necə gedim?! Üstəlik də, Gəncə Aqrar Universitetinin özünün muzeyi var. Odur ki, bizim muzeyin Gəncəyə köçürülməsi qərarı absurddur. Burada çalışanların hər biri ömürlərinin yarısından çoxunu bu muzeyə həsr edib. Buradakı eksponatlar bizim sanki övladlarımızdır. Biz onları göz bəbəyimiz kimi qorumuşuq. Yaratdığımız bu muzeylə, bu işlə həmişə qürur duyub, fəxr etmişik. İndi biz necə razı olaq ki, həyatımızı həsr etdiyimiz bu muzey məhv olsun?!”.

“Muzeyin Gəncəyə köçürülməsi onun məhv olması deməkdir”

Xatirə Bayramova, baş fond mühafizəçisi: “Mən ali məktəbi bitirəndən, yəni 1992-ci ildən etibarən bu muzeydə əmək fəaliyyətinə başlamışam. Əvvəla, qeyd edim ki, muzeyimizdə 11 mindən çox eksponat var. Biz onların hər birini gözümüz kimi qoruyuruq. Onları xarab olmağa qoymuruq. Qədim tarixi olan eksponatları dərhal bərpa edirik. Bir sözlə, bütün eksponatlar üzərində əməyimiz, zəhmətimiz, göz nurumuz var. Təəssüflər olsun ki, bu gün növbəti dəfə də köçmə problemi ilə üz-üzəyik. 101 illik tarixi olan bu möhtəşəm muzey onsuz da 15 dəfə məkan dəyişib. Bu dəfə də ona “köçkünlük həyatı” yaşatmağa çalışırlar. Bizi əvvəlki yerimizdən buraya göndərdilər. Eksponatları sınmasın, zədələnməsin deyə onları buraya qucağımızda min bir əzab-əziyyətlə gətirmişik. Muzeyin direktoru Natiq Qurbanovla bir yerdə nə əzab-əziyyətlər çəkərək buranı sıfırdan yaratdıq. İşləri bitirdik. Əldə etdiyimiz nailiyyətlərlə qürur duyub, sevinməyə başladığımız bir məqamda xəbər gəldi ki, muzey Gəncəyə köçürülməlidir. Azərbaycanda belə bir muzeyin fəaliyyət göstərməsi Gəncədə deyil, Bakıda lazımdır. Çünki öz vətəndaşlarımızla yanaşı, ölkəmizə gələn xarici qonaqlar, rəsmi nümayəndələr, turistlər, səfirlər, iş adamları məhz bu muzeyə axın edirlər. Muzeyin Gəncəyə köçürülməsi onun məhv olması deməkdir”.

“Göz görə-görə muzeyimizin sonunu hazırlayırlar”

Gülarə Həsənova, bərpaçı rəssam: “Bizi daha çox narahat edən 101 yaşlı muzeyin özünün daimi yeri olmamasıdır. Çünki illərdir muzeyimiz mütəmadi olaraq yer dəyişir. Biz iş, vəzifə davası etmirik, məqsədimiz Azərbaycanın tarixini qorumaqdır. Çünki muzeyimizdəki bütün eksponatlar tarixi yaddaşımızdır. Onlar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Bu muzeyi hansısa bir rayona köçürmək tariximizi məhv etməkdən başqa bir şey deyil. Ona görə ki, bu eksponatlar yollarda zədələnib, sınıb məhv olacaq. İnanın səmimiyyətimə, bir daha deyirəm, keçmişimizi əks etdirən bu eksponatlar tariximizim canlı yaddaşı, şahididir. Çox təəssüflər olsun ki, bu gün bizim muzeyimizə, tariximizə, mədəniyyətimizə ögey münasibət göstərurlər. Nə tariximizi, mədəniyyətimizi düşünürlər, nə də bizim min bir əziyyətlə ərsəyə gətirərək var edib ayaqda tutduğumuz muzeyi qiymətləndirirlər. Əksinə, göz görə-görə muzeyimizin sonunu hazırlayırlar. Bilmirlər ki, bu muzeyin var olmasına 20-30-40 il can qoyan insanlar var. Bu muzey öz-özlüyünə yaranmayıb. Muzeyimiz direktoru, ağsaqqalımız Natıq müəllimin rəhbərliyi altında burada hər şey yoxdan yaradılıb. Bildirirəm ki, dövlət başçımız, Prezident cənab İlham Əliyevin Azərbaycan tarixinə verdiyi töhfələr, bu istiqamətdəki göstərişləri və qayğısı əsla danılmazdır. Hətta Prezidentimiz şəxsən özü tarixi abidələrə, muzeylərə daha həssaslıqla yanaşır. Onların qorunması və fəaliyyət göstərməsi istiqamətində işlərin aparılmasına göstəriş belə vermiş, daima diqqət mərkəzində saxlamışdır. Biz inanmırıq ki, bu gün üzləşdiyimiz bu problemdən, hadisədən cənab Prezidentin xəbəri var. Ona görə də biz kollektiv olaraq dövlət başçımıza rəsmi şəkildə müraciət etdik. Ümid edirik ki, cənab Prezident məsələdən agah olacaq və bu problem tezliklə öz müsbət həllini tapacaq”.

“Muzey Gəncəyə və yaxud hansısa bir rayona köçürülsə, onun maraq dairəsi əsla və əsla Bakıdakı kimi olmayacaq”

Ləman Fərzəliyeva, bələdçi: “Bidirmək istəyirəm ki, mən muzeyin ən gənc əməkdaşıyam. İki ilə yaxındır ki, bu muzeydə çalışıram. Muzeydə iş fəaliyyətinə başladığım vaxtdan etibarən başda direktorumuz Natıq Qurbanov olmaqla bütün kollektivin bu muzeyin və eksponatların qorunmasında çəkdikləri əziyyətin və diqqətin şahidiyəm. Onların bu eksponatların hər birinə əşya kimi yox, sanki canlı varlıq kimi baxmaları məni hər gün sözün əsl mənasında təəccübləndirib və qürurlandırıb. Bu gün muzeyin Gəncəyə köçürülməsi qərarı bir gənc kadr kimi məni də çox narahat edir. Bildirmək istəyirəm ki, mən özüm Gəncədə təhsil almışam. Universiteti bitirəndən sonra iş fəaliyyətinə bu muzeydə başladım. Bu muzeyə gələn ziyarətçilərin, həmçinin məktəb şagirdlərinin buradakı eksponatları görərkən necə həyəcan keçirdikləri anların şahidiyəm. Etiraf edirəm ki, muzey Gəncəyə və yaxud hansısa bir rayona köçürülsə, onun maraq dairəsi əsla və əsla Bakıdakı kimi olmayacaq. Buna da ən başlıca səbəb odur ki, bu muzey rayon məktəbliləri üçün o qədər də maraq kəsb etməyəcək. Çünki bu muzeydəki eksponatların əksəriyyəti rayon camaatı ilə yanaşı, uşaqlara da yeni deyil. Ona görə də bu muzeyin Gəncəyə köçürülməsi məqsədəuyğun deyil”.

“Doğrudanmı Dövlət Kənd Təsərrüfatı Muzeyinə Bakıda yer tapılmır?!”

Yadigar Bağırova, muzeyin böyük elmi işçisi: “Mən 2014-cü ildən bu muzeydə çalışıram. Muzeyimizin Gəncəyə köçürülməsinə kollektiv şəkildə etirazımızı bildiririk. Köçürülmənin səbəbini belə izah edirlər ki, əgər muzey Gəncəyə köçürülsə, daha çox ziyarətçisi olacaq. Görəsən, bu absurd fikir haradan meydana gəlib?! Əvvəla, paytaxt Bakıdır. Bakıda da fəaliyyət göstərən ikinci bir Kənd Təsərrüfatı Muzeyi yoxdur. Ölkəmizə gələn əcnəbilər, xarici diplomatlar, səfirlər, iş adamları, eyni zamanda, universitet tələbələri, orta məktəb şagirdləri, hətta bağça uşaqları tariximizlə yaxından tanış olmaq məqsədilə muzeyimizə gəlirlər. Muzeyimizin geniş maraq kəsb etməsinin əsas səbəblərindən biri onun məhz Bakıda yerləşməsidir. Gəlin açıq danışaq, muzeyimiz Gəncəyə köçürülsə, bugünkü dəyərini təbii ki, itirəcək. Belə ki, rayon camaatı üçün kənd təsərrüfatı muzeyi o qədər də əhəmiyyətli olmayacaq. Çünki rayon əhli muzeyimizdəki eksponatların çoxuna yaxından bələddir. Əmək fəaliyyətlərində onların əksəriyyətindən gündəlik həyatlarında mütəmadi olaraq istifadə edirlər. Belə olan halda, Gəncədə ikinci kənd təsərrüfatı muzeyinə nə ehtiyac var? Bunu bu qərarı verənlər özləri də çox yaxşı bilir. Sadəcə, bunu nədən etdikləri bizə çox qaranlıq qalıb. Yəni doğrudanmı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə Bakı ərazisində, yaxud Bakıətrafı kəndlərin birində məkan tapılmır ki, onu birbaşa Gəncəyə köçürmək istəyirlər?!

“”Köç” xəbəri bizi çox sarsıdıb”

Füzuli Bağırov, şöbə müdiri: “15 ildir ki, bu muzeydə çalışıram və bütün kollektivlə birlikdə eksponatların toplanmasında və qorunmasında can qoymuşuq. Bir neçə gündür ki, eşitdiyimiz “köç” xəbəri bizi çox sarsıdıb. İş yoldaşlarımın da bildirdiyi kimi, muzey dəfələrlə ordan-ora, burdan-bura köçürülüb. Hər dəfəsində də çox pis olmuşuq. Çünki bunu özümüzə və tariximizə sayğısızlıq və laqeydlik kimi qiymətləndirmişik. Amma muzeyin rəhbəri Natıq müəllimin əzmi, dəstəyi və şücaəti hesabına tariximizi bu günədək qoruyub yaşatmışıq. Bir muzey işçisi kimi əminliklə bildirirəm ki, bu muzey Gəncəyə, yaxud digər bir regiona köçürülsə, eksponatlar birmənalı şəkildə məhv olacaq. Rəhbərimiz Natıq Qurbanov ömrünün yarıdan çoxunu bu muzeyə həsr edən və işinin peşəkarı olduğundan muzeydə saxlanılan iki əsrlik tarixi olan eksponatları canı, səhhəti bahasına qoruyub, onları dəfələrlə restavrasiya etdirib. Muzey köçürülsə bu kollektivin və eksponatların taleyi necə olacaq? Eksponatları biz peşəkarlar kimi kim qoruyacaq? Biz ailəmizdən çox vaxtımızı bu muzeydə keçirmişik. Hər bir eksponat kollektivimizin göz bəbəyi, hətta sanki övladıdır. Muzeydə olan hər bir əşyanın üzərində rəhbərlik başda olmaqla hər birimizin alın təri, zəhməti, diqqət və qayğısı var. Odur ki, bu muzeyin Gəncəyə köçürülməsinə kollektiv olaraq birmənalı şəkildə etiraz edirik”.

Öz peşəsinin memarı…

Məlum problemlə bağlı muzey kollektivinin bəzilərinin çıxışlarını sizlərə təqdim etdik. İndi isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin direktoru Qurbanov Natiq Cəlal oğlunu haqqında eşitdiklərimizi və gördüklərimizi ümumiləşdirib oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik.

Ömrünün 41 ilini Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə, ümumilikdə isə bu sahəyə 48 ilini həsr etmiş Qurbanov Natiq Cəlal oğlunun Azərbaycan tarxinə, onun qorunmasına, gələcək nəsillərə çatdırılmasında göstərdiyi misilsiz xidmətləri danılmazdır. Bu insan gecə-gündüz demədən Azərbaycanın qədim tarixini əks etdirən eksponatları toplanıb muzeyə gətirməsi, onların restavrasiya etdirməsi onun bu vətənə və tariximizə olan sevgisinin bariz nümunəsidir. Etiraf edək ki, bəzən Natiq müəllim bunları öz şəxsi vəsaiti hesabına həyata keçirib. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin analoqu yoxdur. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin məhz bugünkü səviyyədə inkişaf etməsinin, hətta var olmasının ən başlıca memarı işinin peşəkarı olan Natıq Qurbanovun sayəsindədir.

Biz Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində olarkən orada gördüklərimiz qarşısında təəccübümüzü və heyranlığımızı gizlədə bilmədik. Kollektivin isti münasibəti, rəhbərliyin alicənablığı, hər bir əməkaşın öz işindəki peşəkarlığı, muzeydə yaradılan şərait, eksponatların düzülüşü, işıq fonlarının və səs templərinin mükəmməl şəkildə yaradılması digər ziyarətçilər kimi, bizi də valeh etdi. Etiraf edək ki, dünyanın bir çox ölkələrindəki muzeylərlə tanış idik… Azərbaycanda, paytaxt Bakımızda da belə bir muzeyin varlığından xəbərimiz olsa da, gerçəkdən bu dərəcədə möhtəşəm olmasından xəbərsiz idik. 32 ildən çoxdur ki, jurnalistikadayıq. Ağlımız söz kəsəndən əlimizdə qələm var. Hələ ali təhsilimizi demirik. Tam səmimiyyətlə qeyd edək ki, daha öncə bu muzeydə nədən olmadığımız üçün təəssüfləndik…

Amma həqiqət həqiqət olaraq qalır. Bildirək ki, bugünkü Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin bu şəkildə möhtəşəm, əsrarəngiz, hətta ideal vəziyyətdə olması məhz ömrünün 48 ilini muzeyə həsr etmiş Natiq Qurbanovun sayəsindədir. El arasında belə bir məsəl var: “İş yeri ikinci ailədir”. Biz deyərdik ki, Natiq Qurbanov üçün muzey hər şeydən öndədir. Zarafat deyil, ömrünün 48 ilini muzeyə həsr etmək, özü də peşəkarcasına. Bəzi mənbələrdən jurnalist araşdırmaları apardıq. Məlum oldu ki, muzeydəki eksponatların, sənədlərin, şəkillərin toplanması üçün bu şəxsiyyət el-obanı qarış-qarış gəzib. Qış demədən, yay demədən, uzaq-yaxın məsafə bilmədən nə çətinliklərdən keçib. Əldə etdiyi naliyyətlər Natiq Qurbanovun alın tərinin, yuxusuz gecələrinin məhsuludur. Belə bir söz də var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Bu, anlayanlar üçün elə-belə söz deyil. Həqiqətdir, danılmaz faktdır. Bugünkü Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin bu səviyyəyə çatması üçün Natiq Qurbanov təmənnasız, heç bir mükafat, ad-san ummadan, işini, vəzifəsini peşəkarcasına həyata keçirmişdir. Çoxları kimi amalı bu işdən maddiyyat əldə etmək olmayıb. Əksinə, bəzən öz hesabına pul xərcləyib belə bir muzeyi yaradıb, ərsəyə gətirib. Bir dəfə də olsun çəkdiyi əziyyətləri dilə gətirməyən Natiq Qurbanovun bir sözü var: “Kişi etdiyin deməz. Həm də istənilən sahədə hər kəs vəzifəsindən və kimliyindən asılı olaraq öz işinin peşəkarı olmalıdır. Bu zaman gördüyün işin bəhrəsi mütləq olacaq, ortaya nəsə çıxacaq, əks təqdirdə, bir boşluqla qarşılaşacaqsan”.

Natiq Qurbanov üçün bu muzey sanki öz ailəsi, ekponatlar isə doğma övladlarıdır. Onun bu eksponatların üzərindəki diqqət və qayğısı bir ananın, bir atanın öz doğma övladının üzərində əsməsi, onu qoruması kimidir. Natiq müəllimin elə günləri olub ki, muzeydə hansısa bir eksponatın restavrasiyası, yaxud muzeyin təmiri zamanı o, iş saatı bitdikdən sonra belə görülən işləri yarımçıq qoyub evinə getməyib. Gedərsə, nəyi isə düzgün etməzlər hissi onu rahat buraxmayıb. Bu səbəbdən də o, iş yerini tərk etməyib. İşin üstündə məhz özü dayanıb, kiməsə əmanət etməyib. Bu da dəfələrlə Natiq müəllimin öz iş otağında narahat divanda gecələyib qalması ilə nəticələnib. İşini sevmək, işinin peşəkarı olmaq, işinə hörmət etmək, dəyər vermək bax budur. Budur vətən sevgisi, budur vətəndaşlıq borcu, budur peşəsinə sadiq qalmaq, həyatını bir gün belə muzeysiz hesab etməmək. İllərin zəhməti, yuxusuz gecələr, fədakarlıq, tariximizi qorumaq, gələcəyə çatdırmaq bu insanı başqalarından fərqləndirən ən başlıca amildir. Ömrünün 48 ilini yorulmadan, şikayətlənmədən, şərəflə öz peşəsinə, muzeyə həsr edən bu Natiq Qurbanov bir neçə kitabın, ensiklopediyaların çap olunmasının da səbəbkarıdır. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin saytının yaradılması, videçarxların hazırlanması, tarixi sənədlərin toplanması və qorunması Natiq Qurbanovun gördüyü işlərin kiçik bir parçasıdır. Onun bu dövlətə, onun tarixinə verdiyi töhfələr, gördüyü işlər misilsizdir. Bir sözlə, Natiq Cəlal oğlu Qurbanov öz işinin peşəkarı olaraq Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində sanki qəhrəmanlıq salnaməsi yaratmışdır. Təəssüflər olsun ki, bu fenomen insanın bu günə qədər Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə göstərdiyi xidmətləri hal-hazırda görməzdən gəlinir. Muzey Bakıda bağlanaraq, Gəncəyə köçürülməsi problemi ilə üzləşdirilib.

Bu da bir Azərbaycan vətandaşı olaraq muzey əməkdaşları kimi, bizləri də narahat edir. Çünki etiraf edək ki, muzeydəki eksponatlar bu dəfə də yerlərindən tərpədilsə, məhv olacaq. Belə ki, iki əsrlik eksponatların əksəriyyəti “köç” proseslərində dəfələrlə restavrasiya edilib. Və bizim üçün çox maraqlıdır: doğrudanmı Bakıda və Bakıətrafı ərazilərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi üçün məkan yoxdur?! Tariximizə, keçmişimizə və gələcəyimizə bu laqeydliyi anlamaq çox çətindir.

Biz “Təzadlar” olaraq əmin olmaq istəyirik ki, bu məsələ tezliklə ədalətli şəkildə öz həllini tapacaq və muzey Gəncədə deyil, paytaxt Bakımızda fəaliyyətini davam etdirəcək. Bu istiqamətdə aidiyyəti qurumların hər biri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Çünki bu, onların həm vəzifə, həm də vətəndaşlıq borcudur. Nazirlik tərəfindən səbəb göstərilən bina problemi məsələsi birdəfəlik aradan qaldırılaraq, muzey yenidən “köçkün həyatı” yaşamayacaq. Çünki Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin “köç əməliyyatı” həm Azərbaycan tarixini əks etdirən eksponatların məhvinə, həm də 21 nəfərin işsiz qalmasına gətirib çıxaracaq…

Təzadlar.Az