Oktyabrın 3-ü saat 23:00-dan oktyabrın 4-ü 06:00-dək Böyükşor bulvarı kənarından keçən avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılmasıdır.
“Qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda bildirilib.