27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. 

27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi.
Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr. 
Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 kvadrat kilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri görülür, nəhəng layihələr həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılmışdır. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. “Cəbrayıl” yarımstansiyanın açılışı keçirilib. Həmçinin, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin,Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlqoyma mərasimləri keçirilib.
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 



Mənbə