Müstəqil Azərbaycanın memarı

Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən,  təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.
Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu quruculu  öz inkişaf yoluna çıxdı. 
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin,  xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları,  Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir,  doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə  aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün,  yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi:  “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir.  Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir.  Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
Eyni zamanda Heydər Əliyev 1990-cı ilin 20 yanvar ayında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
  Məhz xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev – qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir.
Yeni zəfər tariximizdə öz əksini tapmış bu dəyərli sözlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən deyilmişdir. 
Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. 
Bizləri ən yüksək məqama – müstəqilliyə qovuşdurdu… 
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı və siyasi kursunu bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
 
Xəlilova Aynur – politoloq
 



Mənbə