“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, QHT.az-a özəl açıqlamasında keçən il Xankəndi şəhərinin azad olunmasının Azərbaycanın suverenliyinin bərpasında əhəmiyyətli bir addım olduğunu vurğuladı. O, 2024-cü ildə Qarabağ Universitetinin yaranmasının da bu sevincin bir hissəsi olduğunu qeyd edərək, cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu siyasətə diqqət çəkdi.
Ramil Əliyev, “Qarabağ Universiteti təhsilimizin inkişafında mühüm rol oynayacaq. O universitetə gedən gənclərin, ailələrin sevincini gördük. Yüksək bal toplayan tələbələrimizin əksəriyyəti Qarabağ Universitetini seçdi,” dedi. Onun fikrincə, gənclərin 30 il işğaldan azad olunmuş torpaqlarda təhsil almaları qürurverici bir haldır. Şuşada və Xocalıda universitetin fakultələrinin açılması, şəhid olan qardaşlarımızın ruhunu şad edəcək və qazilərə dəstək olacaq. “Xocalı bizim ən yaralı yerimizdir. Ağdam şəhərində də bir texnikum olub. İşğal zamanı düşmən oranı darmadağın etdi. Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun,” deyə QHT sədri əlavə etdi.
Ramil Əliyev, Qarabağ Universitetinin tələbələrinin beynəlxalq alanda tanınacağına inandığını, bu universitetin Avropada və digər ölkələrdə magistratura təhsili üçün qəbul edilməsində Azərbaycan təhsilinin tanınmasına səbəb olacağını vurğuladı. “Bu universitetin tələbələri digər universitetlərə nümunə olacaq,” dedi.
Son olaraq, QHT sədri bütün təhsil alan tələbələrə və müəllimlərə uğurlar arzuladı, Qarabağ Universitetinin dünya brendi olacağına inandığını bildirdi.
Pərvanə Fərhadqızı
QHT.az