Prezidentin verdiyi önəmli mesajlar

 
2024-cü ildə keçirilən növbədənkənar prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində əbədi olaraq yadda qalacaq. İlk dəfə idi ki, bu seçkilər ölkəmizin bütün ərazisində keçirildi. Bu, çox mühüm  tarixi hadisədir. Bütövlükdə, İkinci Qarabağ müharibəsi, üç il sonra isə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi  lokal xarakterli antiterror tədbirləri separatizmə birdəfəlik son qoydu və  suverenliyimiz tam bərpa edildi.  Bu, dünya miqyasında tarixi hadisədir. Prezident İlham Əliyevin sərkərdəlik və diplomatik  məharəti, cəsarəti və qətiyyəti, yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində  torpaqlarımız  Ermənistan silahlı qüvvələrinin  işğalından azad edildi. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya əyilməz ruhunu göstərdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, abadlıq və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin yurd həsrətinə birdəfəlik son qoydu.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak edərək genişməzmunlu çıxış etdi və öz çıxışında dövlətimizin başçısı bütün dünyaya bir daha önəmli mesajlar verdi. 
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Azərbaycan Prezidenti bəyan etdi ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. 
Ölkə başçısı qeyd edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması barədə də məlumat verildi. Qeyd edildi ki, Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Prezident diqqətə çatdırdı ki, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Bütün bunların vacibliyini qeyd edən ölkə rəhbəri  Ermənistana Qərb ölkələrindən silah, sursat göndərildiyini diqqətə çatdırdı. Prezident dedi ki, “biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada”.
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır.
Prezident dedi ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır. Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur.
Azərbaycanın qazandığı  tarixi Zəfərdən sonra ölkəmizin  beynəlxalq nüfuzu bir neçə dəfə artıb, mövqelərimiz möhkəmlənib. Yaxın vaxtlarda COP29-un Azərbaycanda keçirilməsi də bu uğurlardan xəbər verir. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün  200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi də bizim beynəlxalq nüfuzumuzu,  getdikcə artan reytinqimizi göstərən vacib amildir. Bu uğurlar davam edəcək və bundan sonra da xarici siyasətdə geriyə heç bir addım atılmayacaq.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 



Mənbə