Nizamidə seçki saxtakarlığına rəhbərlik edən DSK sədri işdən qovuldu – FOTO

24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov vəzifəsindən azad olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyyasındakı (DSK) mənbələrdən məlumat verilib. Bildirilir ki, N.Nəcəfovun işdən qovulmasına səbəb rəhbərlik etdiyi dairənin ərazisindəki məntəqələrdə seçkilərin kütləvi şəkildə qanun pozuntusu şəraitində keçirilməsi olub.

Xatırladaq ki, “Hürriyyət” qəzetinin parlament müxbiri Ülviyyə Şükürova da 1 sentyabr tarixində keçirilən Milli Məclis seçkilərində 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd idi. O, 1 sentyabr seçkilərində aşkar şəkildə qalib gəlsə də, Niyazi Nəcəfovun və məntəqə sədrlərinin saxtakarlığı nəticəsində keçmiş deputat Könül Nurullayevanın “qalib gəldiyi” elan olundu.

Bundan sonra Ü.Şükürovanın MSK-ya müraciəti nəticəsində 24 saylı Nizami birinci seçki dairəsinin 5 məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edildi. Mənbə deyir ki, Niyazi Nəcəfovun DSK sədrliyindən azad olunmasının səbəblərindən biri də məhz sözügedən 5 məntəqədə seçkilərin nəticəsinin ləğv olunmasıdır.

Hurriyyet.az