“Müxalifət oktyabrda parlament seçkilərində qalib gələcəyi təqdirdə ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini sərbəst buraxacaq”.
Bunu Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Zuqdidi şəhərində seçicilərlə görüşündə deyib.
“Mixail Saakaşvili ilə birlikdə biz yenidən Gürcüstanın uğur, inkişaf və bərpa tarixini yaradacağıq”, – deyə partiya sədri qeyd edib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Onu da xatırladaq ki, 56 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.(Sputnik Gürcüstan)