2020-ci ildə 44 gün ərzində öz gücü ilə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan 20 sentyabr 2023-cü il tarixində, bir gündən də az bir zaman kəsiyində, antiterror əməliyyatı nəticəsində öz suverenliyini tam olaraq bərpa etdi. Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.
Vətən uğrunda – Qarabağ uğrunda Vətən müharibəsində 90 mindən çox Azərbaycan gənci iştirak etmişdi. Vətənimizin bütövlüyü uğrunda müharibədə 3200-dən çox vətənpərvər igid, vətən övladları öz canını doğma vətənə fəda edərək şəhidlik zirvəsinə ucalmışdır.
44 gün ərzində şanlı Azərbaycan Ordusu bir an belə dayanmadan irəliləyərək, hər gün bir yaşayış məntəqəsini işğalçılardan azad etdi. Hər bir çətinliyə sinə gərərək, ölümü göz ününə alaraq yalnız irəli getdi. Bir nəfər belə silahı yerə qoymadı. Lakin özü haqqında, ordusu haqqında mif yaradan Ermənistan ordusunun 12 mindən çox əsgəri fərarilik edərək silahı atıb qaçdı.
Azərbaycan əsgəri böyük şücaət göstərərək düşmənin 30 il ərzində yaratdığı müdafiə xəttlərini yararaq ağır şəraitdə, Ermənistan ordusunun coğrafi üstünlüyünə baxmayaraq, aşağıdan yuxarı – sıldırım qayalarla qalxaraq alınmaz qala olan Şuşanı yüngül silahlarla, böyük peşəkarlıqla işğalçılardan təmizlədi.
Antiterror əməliyyatı Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bir çox ölkələrin Ermənistana maddi, fiziki və ağır silahlarla kömək etməsinə baxmayaraq Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.
İşğaldan azad edilmiş ərazilərimizdə böyük tikinti bərpa işləri gedir. Artıq bir neçə yaşayış məntəqələrinə keçmiş köçkünlər qaytarılır. Hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülür. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdür.
Vətənpərvərlik, güclü iradə, peşəkarlıq, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz.
Azərbaycan xalqı öz birliyi, qəhrəmanlığı, vətənpərvərliyi ilə bütün dünyaya nümunədir. Bu birliklə də xalqımız düşmənə qalib gəldi. Haqqı, ədaləti öz gücü ilə, əzmkarlığı ilə, birliyi ilə, qorxmazlığı, vətənpərvərliyi ilə bərpa etdi.
Bir çox ölkələr-böyük güclər bizim torpaqlarımızın geri qaytarılmasının əleyhinə idi. 30 il ərzində əksər ölkələr Ermənistanı işğalçı ölkə kimi tanımaq istəmirdi. Bizim torpaqların daim işğalda olmasını və bizi daim təzyiq altında qalmağımızı, bizim bu vəziyyətlə barışmağımızı istəyirdilər. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük, uzaqgörtən, düşünülmüş siyasəti nəticəsində biz bütün bu səddləri qıra bildik.
Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır.
44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün də gənclərimiz təhsilli, savadlı olmalıdır.
Bu gün Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalanmışdı. Sevindirici haldır ki, universitetin artıq ölkəmizin bir çox bölgələrdən olan 1200 tələbəsi vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 20-də Qarabağ Universitetinin açılışında çıxış etdi: “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxçı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvədə olsun! Sizi təbrik edirəm”.
Dövlət başçısı eyni zamanda qeyd etdi ki, “Əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı.
Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.”
Lamiyə Əliyeva
Abşeron RİH könüllüsü, Azərbaycan Respublikasının Prezidenti
Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu