Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.
Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “Müttəfiqlər. KTMT” ictimai-siyasi nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən bir sıra birgə təlimlərində iştirak etməyiblər: “Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır”.
“Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”, – Baş katib bildirib.
Onun sözlərinə görə, “Qarşılıqlı fəaliyyət”, “Axtarış” və “Eşelon” təlimlərində ən müasir texnikadan, o cümlədən müxtəlif tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
KTMT-nin Baş katibi qeyd edib ki, beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət KTMT-nin ən mühüm fəaliyyət istiqamətlərindən biri olaraq qalır. O, əsas strukturlar kimi BMT, ŞƏT və MDB-ni, o cümlədən onların terrorizmə qarşı mübarizəyə nəzarət edən bölmələrini qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, ölkə KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.