Azərbaycanda universitetlərə qəbul yerləri ARTIRILACAQ

 Ötən gün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Siyahıda ixtisasların illik təhsil haqları qeyd olunub.

Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb. Buna görə sözügedən qərar imzalanıb.

Modern.az-ın məlumatına görə, elm və təhsil nazirinin müavini İdris İsayev də Nazirlər Kabinetinin qərarı haqqında danışıb.

Nazir müavi vurğulayıb ki, təhsil sahəsində islahatlar Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-ci illər üçün sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq həyata keçirilir.

O qeyd edib ki, strategiya ilə təsdiq edilmiş tədbirlər planında təhsilin digər pillələri ilə yanaşı ali təhsil pilləsi üzrə də islahat xarakterli fəaliyyət istiqamətləri nəzərədə tutulub:

“Bu fəaliyyət istiamətləri ilk növbədə ali təhsilin əlçatanlığının artırılması, əhatəliliyinin genişlənməsinə, rəqabət qabiliyyətinin artırılmasına, ali təhsil sistemində yeni məzmunlu təhsil proqramlarının tətbiqinə, səmərəli idarəetmə sisteminiin formalaşmasına və nəticə əsaslı yeni maliyələşmə mexanizminin tətbiqinə istiqamətlənib. Bu gün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu fəaliyyətləri həyata keçirməkdədir”.
Nazir müavini xatırladıb ki, ötən günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti bu tədbirlərdən irəli gələrək ali təhsil müəssələrində yeni maliyələşmə mexanizminin tətbiqi ilə bağlı 120 saylı qərara müvafiq dəyişikliklər edib.

“Məlumat üçün bildirim ki, ali təhsil sistemində yeni maliyələşmə mexanizmini ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə 2010-cu ildən, doktorantura səviyyəsi üzrə 2020-ci ildən tətbiq olunur və həmin qərara edilmiş dəyişikliyə əsasən bir təhsil alımına düşən illik təhsil xərclərinin orta məbləği təxminən 25 faiz artırılıb. Qərara əsasən, bakalavr təhsil səviyyəsi üzrə hər tələbəyə düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb”, – o bildirib.

İdris İsayev bildirib ki, bir bakalavriata və magistranta düşən təhsil haqqı xərci təxminən 3 min manat, doktorantura səviyyəsi üzrə 4500 manatdan çoxdur:

“Bu artımlar ali təhsilin səviyyələri və ixtisaslar üzrə fərqlidir. Bakalavriat səviyyəsi üzrə bir təhsil alımına düşən təhsil haqqı xərcləri ixtisaslar üzrə də fərqli müəyyən edilib, bu da ixtisasların xüsusiyyətlərindən irəli gəlir. Ən aşağı təhsil haqqı xərcləri təhsil və iqtisadi sahələr üzrə olan ixtisaslardadır. Ən yüksək təhsil haqqı xərcləri isə mədəniyyət, incəsənət və tibb ixtisası üzrədir. Bu da başadüşüləndir, mədəniyyət ixtisas qruplarında qruplar formalaşan zaman tələbələrin sayı ənənəvi olaraq digər qruplara nisbətən dəfələrlə aşağıdır, əməyin ödənişi xərcləri yüksəkdir. Tibb ixtisasları üzrə avadanlıqlar, laboratoriyalar, təhsil proqramlarının xüsusiyyətlərindən aslı olaraq təhsil haqqı xərcləri müəyyən edilmişdir”.

Nazir müavini deyir ki, bir təhsil alımına düşən təhsil haqları yalnız dövlət sifarişi ilə təhsil alan yerlər üzrə müəyyən edilib:

“Dövlət sifariş ilə ali təhsil müəssələrinə qəbul olan tələbələrin təhsil xərclərini dövlət qarşılayır. Dövlət büdcəsində bununla bağlı müvafiq vəsait nəzərdə tutulub. Cari ilin 4 ayında, ilin sonunadək bu artımla bağlı təxminən 26 milyon manat vəsait tələb olunacaq, növbəti ildə bu artımın maliyə təminantı 84 milyon manat edir. Həm bu ilin, həm də növbəti ilin büdcə maliyəsində artımlarla bağlı büdcə vəsaitləri nəzərdə tutulub. Onu da qeyd edim ki, bu artım təhsil müəssələrinə münasibətdə növbəti illərdə daha səmərəli təhsil göstərməyi gözləniləndir. Çünki dövlət sifarişli yerlərin sayı artır və 2026-ci ilin sonlarına qədər tələbə qəbulu üzrə 75 minə çatdırılması nəzərdə tutulur”.

Nazir müavinin sözlərinə görə, hal-hazırda 2024-2025-ci il üçün tələbə qəbulu ilə bağlı ilkin məlumatlar məlumdur

“Təxminən 59 minə yaxın tələbəmiz təhsil alacaq, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrimizin sayı isə 14 mindən yuxarıdır, doktorantura üzrə hal-hazırda qəbul prosesi gedir, amma gözlənilən göstərici 500-dür. Ümumi olaraq hal-hazırda 73 minin üzərində tələbə var. Bu tələbələrin də, demək olar ki, yarısı dövlət sifarişli formada təhsil alır. Tələbə sayı artdıqca dövlət sifarişli tələbə qəbulu yerləri də artır. Bu da o deməkdir ki, bizim ali təhsil müəssələrimiz daha çox vəsait əldə edəcəklər. Qəbul edilən qərar bizim ali təhsil müəssələrimizin maliyə dayanıqlılığının təmin edilməsinə, bütövlükdə təhsilin keyfiyyətinə təsir göstərəcək. Ən əsası isə ali təhsil müəssələrində pedoqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin əmək haqlarının artımına yönəldiləcək. Bu gün bizim ali təhsil müəssələrimizin gəlirlərinin 60-70 faizi (bəzi ali təhsil müəssələrində bu göstərici daha yüksəkdir) professor-müəllim heyətinin və inzibati işçilərin əmək haqlarının ödənilməsinə yönəldilir. Bu da o deməkdir ki, artım nəticəsində əldə edilən əlavə gəlirin böyük hissəsi əmək haqqı və ona bərabər tutulan ödənişlərə yönəldiləcəkdir. Onu da qeyd edim ki, bu artımlar maliyə tutumludur və buna baxmayaraq qəbul edilmiş qərar bir daha onu göstərir ki, təhsil sisteminə dövlət qayğısı mövcuddur və bu proses növbəti illərdə daha da artacaq”.