Naxçıvanda yüzlərlə poçt işçisi üç aydır ki maaş ala bilmir. Səbəb kimi isə, onlara büdcədə pul olmadığı bildirilir. Bu haqda “Gündəlik Naxçıvan”a maaş ala bilməyən işçilərin özləri məlumat veriblər.
Şikayətçilər deyirlər ki, bir il öncə “Naxçıvanpoçt” yerli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə keçəndən bəri eyni problemlə tez-tez qarşılaşmağa başlayıblar. İşçilərdən B. Həsənov maaş tələb edənlər işdən çıxarılmaqla hədələnirlər:
“Deyirlər ki, büdcədə pul yoxdur. Bəs bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Axşamlar növbətçi də qalırıq. Aldığımız isə minimum əmək haqqı miqdarındadır. Bu gün-sabaha salıb, başımızı aldadırlar. Tələb edəndə də deyirlər ki, ərizəni yaz işdən çıx. Mən 15 ildir poçta işləyirəm, yaşım da keçib. Başqa iş əlimdən gəlmir. İşdən çıxsam belə iş tapa bilməyəcəyəm”.
Gigər şikayətçi Ramin Həsənov isə bildirir ki, vaxtında maaş ala bilmədiyi üçün kredit borcunu ödəyə bilmir:
“Məktəblər açılmaq ərəfəsindədir, vladlarımız dərsə gedəcək. Onların ehtiyaclarını ödəmək lazımdır. Hamımız borc içindəyik. Bəzilərimiz ehtiyaclarımızı ödəmək üçün banklardan kredit də götürmüşük. Vəziyyətimiz günü-gündən ağırlaşır. Maaşlarımızı isə vermirlər. Dəfələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, digər aidiyyəti qurumlara müraciət etsək də əhəmiyyəti olmayıb”.
“Naxçıvanpoçt”da 7 filial və 175 poçt bölməsi fəaliyyət göstərir.
Gündəlik Naxçıvan