“”İbrahim” surəsi niyə 14 ədədi ilə nömrələndi? – Elmi-lədun” başlıqlı məqalənin davamı
“İbrahim özü bir ümmət idi; bir ümmətə xas olan bütün gözəl xüsusiyyətlər onda cəmləşmişdi”. (Quran)
Quranda bütün peyğəmbərlərdən bəhs edərkən, Allah buyurur ki, biz o peyğəmbər(lər)ə vəhy etdik ki, ümmətini baban İbrahimin dininə dəvət et. Sual yaranır: niyə məhz İbrahimin (tövhid) dininə?
Qeyd edək ki, Yerin kökü (özülü) Pangeya materiki olduğu kimi, bütün dinlərin də kökü tövhiddir (tək Allahlılıqdır). Bu din tək İslamın yox, İsaviliyin, Musəviliyin də əsasını təşkil edir. Bşəriyyətin faciyəsi budur ki, əsası tövhid olan bütün dinlərin nümayəndələri bu gün biri-birini düşmən bilib, biri-birlərinin başlarına bomba yağdırmaqdadırlar. Bu atəşləri susdurmağın yolu bütün dinləri birləşdirməkdən keçir. Bu birlik də o vaxt baş verə bilər ki, dinlər hamısı kökünə (tövhidə) qayıtsın. Birləşmə ancaq tövhiddə mümkündür (tövhid kökdür dinlər onun budaqlarıdır)….
Həm də digər dinlərin daşıyıcılarının böyük əksəriyyəti bu gün İslam Peyğəmbərini qəbul etmirlər, bu faktdır. Bu səbəbdən də bəşəriyyəti İslam ətrafında birləşdirmək hazırda mümkün deyil. (Digər tərəfdən də bu gün ərəbin, farsın və digər xalqların törətdikləri vəhşilikləri, qeyri-insani hərəkətləri görən bəşəriyyət açığı İslam dinindən qorxurlar; onlara elə gəlir ki, İslam belə olur).
Amma, İbrahim Xəlilullah yeganə Peyğəmbərdir ki, bütün bəşəriyyət tərəfindən qəbul olunur. Çünki, o, bütün kitab verilmiş peyğəmbərlərin (Yaqubun, Yusifin, Musanın, İsanın, Məhəmmədin və s) babasıdır. Bu səbəbdən də Quranda Allah bütün peyğəmbərlərə (o cümlədən bugünkü kamil insanlara, Quranı canlı yaşayanlara) xitab edir ki, xalqını baban İbrahimin hənif dininə (tövhidə) dəvət elə.
Onu da qeyd edək ki, İslam dini və Quran kamil insanlar üçün nəzərdə tutulub. Amma, bu gün biz elə bir mərhələyə gəlib çatmışıq ki, kamillikdən heç bir əsər əlamət belə yoxdur; əksinə, ibtidai insanlar kimi soyunub, lüt-üryan gəzirik. Tərbiyəmiz Lut qövmünün tərbiyəsindən də bərbad vəziyyətdədir (onlar tərbiyəsizliyi gizli edirdilərsə indiki insanlar canlı yayımlarda, milyonların gözləri qarşısında edirlər). Deməli, indiki adamların şüuru və əxlaqı ibtidaidən də aşağı səviyyədədir. Bu səbəbdən bunlar kamil din olan İslamı onsuz da qəbul edəsi halda (tərbiyədə, səviyyədə) deyillər…
Çıxış yolu geri qayıdıb, İbrahimin dövründən başlayıb, sonra üzü bəri (kamilliyə doğru) gəlməkdir. Bunun üçün bəşəriyyətə İbrahim fəlsəfəsi təbliğ olunmalıdır.
Nədir İbrahim fəlsəfəsi?
İbrahim fəlsəfəsi aşaığdakı xasiyyətləri özündə cəmləşdirməkdir:
-doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək;
-qarşındakını öz səviyyəndə bilmək;
-başqasının malına, namusuna göz dikməmək;
-yalnız Yaradana güvənmək;
-zinakar olmamaq;
-lovğa və təkəbbürlü olmamaq;
-hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq;
-Allahın dostuyla dost, düşməniylə düşmən olmaq;
-hər halında Allaha şükr etmək;
-Allaha aid olan işlərdən xeyir güdməmək;
-bütün işləri “Bismillah”la başlayıb, “Əlhəmdülillah”la bitirmək;
-dünya işlərində səbirli olmaq;
-Allahdan başqasından qorxmamaq;
-istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq …
Bir sözlə, bəşəri dəyərlərə sahib olmaq, bu dəyərləri özündə cmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra hansısa bir dinin qəbulundan söhbət gedə bilər (bu xasiyyətləri kimdə görsəniz onu dindar hesab edə bilərsiniz).
Təəssüf ki, bu gün yuxarıda sadaladığım bəşəri dəyərlərə sahib olmayan adamlar özlərini dindar adlandırırlar. Hətta, belələri mafiyalar tərəfindən qəsdən dinlərə rəhbər təyin edilir ki, insanların dinə, Allaha inamı azalsın, doğru yoldan azsınlar. Belə mafiyoz din başçıları Allaha deyil, mafiyalara xidmət edirlər. Həm də onlar Allahın tapşırığına əməl edib, xalqı İbrahimin hənif dininə (tövhidə) dəvət etmirlər. Əksinə, həm xristiyan, həm Yəhudi, həm də İslam dininin mafiyoz rəhbərləri dinləri təriqətlərə parçalayıb, onlar arasında düşmənçiiliyi daim qızışdırırlar. Belə “din rəhbərləri” özləriylə bərabər, arxalarınca gedənləri də cəhənnəmə sürüməkdədirlər…
“Amma onlar öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir (öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)!…. Şübhəsiz ki, sənin dini parçalayanlarla heç bir əlaqən yoxdur!” Quran, 23:53
Bütün bunları nəzərə alıb, mənə inananları İbrahim əleyhissəlamın hənif dininə dəvət edirəm. İbrahimdə olan sadaladığım keyfiyyətləri özümüzdə cəmləşdirə bilsək, hansısa bir dini qəbul etməyə haqqımız olacaq.
Dr. Paşa Yaqub – Pangeyist