“Sağdan qəfil çıxıb maşınımı vurdu, məni də günahkar çıxarırlar” – ŞİKAYƏT

Ağdam rayon sakini İsa İsmayılov “BMW” markalı avtomobili ilə düşdüyü qəzaya görə açılmış cinayət işinin ibtidai istintaqından narazıdır.

“Qafqazinfo”ya müraciət edən İ.İsmayılov bildirib ki, hadisə ​ötən ilin 19 dekabrında Hacıqabul-Mincivan yolunun Füzuli rayonunun girişindən keçən 139-cu km-də baş verib.

Onun sözlərinə görə, qəza zamanı avtomobili ilə öz yolunda hərəkət edirmiş və yolun sağ hissəsindən kənarda dayanan maşın qəfil manevr edib: “Həmin vaxt idarə etdiyim “BMW” markalı 77-LV-556 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağ kənarında park halında olan “Nissan X Trail” markalı 77-CZ-389 dövlət qeydiyyat nişanlı maşın qəfil manevr edərək avtomobilimi vurdu. Zərbənin təsirindən avtomobilim yoldan çıxaraq ağaca çırpıldı. Həmin vaxt avtomobili saatda 90 kilometr/saat sürətlə idarə edirdim və qəzadan heç cür yayına bilməzdim”.

Şikayətçi bildirib ki, qəza nəticəsində hər iki avtomobilə xeyli ziyan dəyib, həmçinin idarə etdiyi “BMW” markalı avtomobildə olan şəxslərdən biri az ağır xəsarət alıb. Bununla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə iş açılıb: “Mən işi aparan müstəntiqə birinci dəfə ifadə verəndə hadisədən yayınmağa çalışdığımı və maşını sola doğru çəkdiyimi dedim. Düşündüm ki, belə deməklə hadisədə günahsız olduğum daha aydın görünər. Lakin ekspertiza bunu əsas götürərək elə rəy verib ki, guya mən qəzanın baş verməsinin qarşısını əvvəlcədən ala bilərdim. Beləliklə, həm mənim, həm də yolun kənarındakı torpaq sahədən çıxaraq avtomobilimi vuran

digər nəqliyyat vasitəsinin günahkar olması barədə rəy verilib. Daha sonra ifadə verərək əslində həmin vaxt qəzadan yayınmaq imkanımın olmadığını, nəqliyyat vasitəsini kənara çəkməyə fürsət belə tapmadığımı bildirdim. Lakin bu ifadəm əsasında müstəntiq tərəfindən əlavə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmir”.

İ.İsmayılov məsələ ilə bağlı yenidən ekspertizanın keçirilməsinin vacib olduğunu düşünür: “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün yaranmış təhlükəni gördüyü andan hadisənin qarşısını almaq üçün tədbir görməlidir. Ona görə də hesab edirəm ki, “Nissan X Trail” markalı 77 CL 389 dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsin sağ kənarından hərəkətə başlayaraq dönmə əməliyyatına başladığı andan toqquşmaya kimi 2 metr məsafə qət etməsi nəzərə alınmaqla, əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməlidir. Təkrar ekspertiza ilə düstura uyğun yenidən hesablanma aparılmalı və obyektiv nəticəyə gəlinməlidir. Mən ömür boyu cinayət əməli törətməmişəm, kiçik qayda pozuntularına belə yol verməmişəm. Həyatımın bu mərhələsində törətmədiyim və yayınmaq imkanım olmadığı hadisəyə görə məsuliyyətə cəlb edilməyim məni çox narahat edir”.
İ.İsmayılov müraciətində ədalətli qərar verilməsi üçün əlavə yol nəqliiyat hadisələri ekspertizasının keçirilməsində köməklik göstərilməsini xahiş edib.