2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası respublikanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən əzəmətli bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurd yuvalarına Böyük Qayıdışı, dünya birliyində güclü və nüfuzlu Azərbaycan reallıqları ilə seçicilərin qarşısına çıxıb.
Deputatlığa namizəd Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşları Heydər Əliyev siyasətini müdrikliklə həyata keçirən dövlət başçısı İlham Əliyevi özünün alternativsiz Lideri kimi görür: “Bu ilin fevral ayında ölkəmizdə keçirilən prezident seçkilərində biz bunun növbəti dəfə şahidi olduq. Qədirbilən xalqımız daim istər çağdaş dövlətimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərini, istərsə də Müzəffər Ali Baş Komandanımızın ölkəmizə qazandırdığı möhtəşəm nailiyyətləri yüksək qiymətləndirir. Xalqımız çox gözəl bilir ki, onun işıqlı gələcəyi dünya erməniliyini və onu dəstəkləyən imperialist qüvvələrin məkrli niyyətlərini darmadağın edən, respublikamızın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezidentimizin adı və liderliyi ilə bağlıdır. Bu mənada, dəyərli seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcəklər”.
Daha sonra tədbirdə çıxış edənlərdən Əsgər Əhməd və digərləri ölkəmizin inkişafında Yeni Azərbaycan Partiyasının rolundan bəhs ediblər.
Seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək partiyanın namizədinə səs verəcəklərini bildiriblər.