“Nizami rayon İcra Hakimiyyəti SƏSİMİZİ EŞİTMİR…” – NARAZILIQ VAR…

Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 47 ünvanında yaşayan sakinlər tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər yazırlar ki, yaşadıqları binanın illərdir kanalizasiya problemi olsa da, səlahiyyətli qurumlar müraciətlərinə baxmırlar:

“Biz, sakinlər, artıq bu çarəsizlikdən bezmişik. Binanın zirzəmisinə kanalizasiya suları yığılır, iy-qoxudan ətrafda durmaq olmur. Evlərə həşaratlar daraşıb. Nizami rayon İcra Hakimiyyəti və “JEK” bu vəziyyətə məhəl qoymur.

Kanalizasiya İdarəsinə müraciət edirik, gəlib suyu çəkib gedirlər, amma sistemi heç bir qurum təmir etmir.

Biz, bina sakinləri, çalışdığımız qədər həyətimizi abad saxlayırıq. Amma bu bezdirici, iyrənc problemdən illərdir canımızı qurtara bilmirik. İcra Hakimiyyətinə və “JEK”-ə gedib şikayətlərimizi bildirmişik, lakin tədbir görən yoxdur.

Binanın ətrafında açılan yeni obyektlərdən sonra, indi də zirzəminin içinə çirkab suları axır.

Qeyd edək ki, biz İcra Hakimiyyətinin 150 metrliyində, yəni mərkəzi yolun üstündəki binanın sakinləriyik.

Hörmətli redaksiya!

Bizim müraciətimizi işıqlandırın, bəlkə problemimiz həllini tapar”.

Mənbə