Yaşasaydı, 53 yaşı olacaqdı – Zülfüqar Hüseynzadəsiz 2 il…

Bu gün “Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin ölümündən sonra ikinci doğum günüdür.  Yaşasaydı bu gün 53 yaşı olacaqdı. 

Zülfüqar Hüseynzadə dünyaya 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində göz açıb. Orta məktəbə bu kənddə gedib. Məktəbin əlaçılarından olub. Z.Hüseynzadənin universitet illəri müharibə dövrünə təsadüf edib. Qarabağ müharibəsində könüllü dəstəsində iştirak edib. Universiteti bitirdikdən sonra müəyyən özəl sahələrdə fəaliyyət göstərib. Orta məktəbdə oxuduğu dövrdə jurnalistikaya marağı olub və  elə bu maraq da onu mətbuata gətirib. Uzun illər dövri mətbuatda yazıları çap olunub, köşə yazıları ilə tanınıb. Bununla yanaşı, 2005-ci ildə Kəlbəcər rayonundan deputatlığa namizədliyini irəli sürüb. Z.Hüseynzadə 2012-ci ildə Moderator.az xəbər portalını yaradıb.

Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Ailəsi 1993-cü ildə Kəlbəcərin işğalından sonra məcburi köçkün düşmüşdü. Bərdə rayonunun Əliyanlı kəndində məskunlaşmışdılar. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edib, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət ediblər.

Z.Hüseynzadə 10 uşaqlı ailənin son beşiyi idi. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və başqa bir neçə universitetin ictimai şurasının üzvü olub. Eyni zamanda Beynəlxalq Liberal Maarifçilik İctimai Birliyinin sədri idi.

Z.Hüseynzadənin 21 yaşında Hüseyn adlı oğlu var. O, oğluna atasının adını verib.
Zülfüqar Hüseynzadənin ölümündən bir neçə dəqiqə öncə bunlar baş verib…

Z.Hüseynzadə Bərdənin Əliyanlı kəndində, atasının və anasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Z.Hüseynzadənin Kəlbəcərə budəfəki səfərinin xüsusi məqsədi vardı. Belə ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edilən zaman ağır yataq xəstəsi olub. Kəndə hücum edən ermənilər yaşlı qadını elə yatağındaca güllələyiblər. Kənd işğal edildiyinə görə onu dəfn etmək mümkün olmayıb. Kəlbəcər işğaldan azad olunandan sonra Z.Hüseynzadənin nənəsinin nəşinin axtarışı üçün bir neçə dəfə cəhdlər edilib. Ev yandırıldığı üçün axtarışlar nəticə verməyib. Z.Hüseynzadə nənəsinin nəşinin qalıqlarını tapmağı qarşısına məqsəd qoymuşdu. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb. Lakin ötən il qeyri-sabit hava ilə əlaqədar axtarışlar nəticə verməmişdi. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb, geri dönməli idilər. Lakin qədər buna imkan vermədi…

Məkanınız cənnət olsun.