Adəm İsmayıl Bakuvi: “Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər hər iki ölkənin yerləşdikləri regionlarda sabitliyin qorunmasına və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfələr verəcək”

“Türk dövlətlərinin bir birinə həm siyasi, həm mənəvi, həm də strateji baxımdan yaxınlaşmaları, türk dünyasının maraqlarının beynəlxalq səviyyədə ifadə və təmin olunması, bu dövlətlər arasında hər hansı kiçik münaqişəyə belə imkan verməyəcək qədər bir vəhdətin formalaşması kimi mühüm məsələlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun prioritet istiqamətləri kimi müəyyən olunub. Öz çıxışlarında dövlətimizin başçısı hər zaman bu məsələlərə məhz qlobal, beynəlxalq nöqteyi-nəzərdən yanaşma sərgiləyərək, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı olduğunu diqqət mərkəzinə çəkib və bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi məhz bu məqsədlərə xidmət edir. Cənab Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın vacibliyini daim xüsusi qeyd edib və bildirib ki, həm Azərbaycanın, həm də Özbəkistanın yerləşdikləri coğrafi regionlarda təhlükəsizlik və ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi kimi məsələlər gündəlik diqqət tələb edir. Diqqətəlayiq haldır ki, həm Azərbaycanın, həm də Özbəkistanın dövlət başçılarının qarşılıqlı səyləri bu gün iki ölkənin müttəfiq olmaları ilə nəticələnib.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Müsahibimiz daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin cari ilin 22-23 avqust tarixlərində Özbəkistana növbəti dövlət səfəri zamanı imzalanan sənədlər hər iki ölkənin yerləşdikləri regionlarda sabitliyin qorunmasına və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfələr verəcək: “Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 22-də Özbəkistana etdiyi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına növbəti böyük töhfədir. Məlumdur ki, Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələri tarixi köklərə bağlıdır. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri isə bu bağlılıq zəminində əlaqələrin inkişafını və dərinləşməsini təmin edib. Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatla etdikləri çıxışlarında dövlət başçımızın Özbəkistana səfərinin nəticələrinə dair mühüm açıqlamalar yer alıb. Cənab Prezident diqqətə çatdırım ki, Azərbaycan istər işğal illərində, istər İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə, istərsə də postmüharibə dövründə özbək xalqının qardaş dəstəyini hiss edib. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə ölkəmizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Öz çıxışında dövlətimizin başçısı həmçinin son iki ildə Özbəkistana beş dəfə səfər etdiyini diqqətə çatdırmış və bunun etibarlı münasibətlərin göstəricisi olduğunu qeyd etmişdir. Cənab Prezident bu gün həm Azərbaycanın, həm də Özbəkistanın müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış güclü müstəqil dövlətlər olduğunu və bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinin birmənalı olaraq bütün Türk dünyasının güclənməsinə xidmət etdiyini vurğulamışdır. Dövlətimizin başçısı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasını böyük tarixi nailiyyət kimi dəyərləndirmiş və bildirmişdir ki, bu müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.