ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında atəşkəs razılaşması üzərində işlərin təcili başa çatdırılmasının vacibliyini vurğulayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden Netanyahu ilə İsrail və HƏMAS arasında razılaşmaya maneələrin aradan qaldırılması üçün Qahirədə gələcək danışıqları müzakirə edib.
Bundan əlavə, tərəflər HƏMAS, “Hizbullah” və husilər də daxil olmaqla, bütün təhdidlərə qarşı İsraili müdafiə etmək üçün ABŞ-ın gördüyü tədbirlərdən danışıblar.
Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu başlayıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib.
Bundan əvvəl EFE agentliyi məlumat yayıb ki, Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.(Teleqraf)