Şamaxıda keçirilən “QHT-lərin V inkişaf və mübadilə proqramı”ndan qeydlər…

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən “QHT-lərin V inkişaf və mübadilə proqramı”nda iştirakdan çox məmnun oldum. Davamlı olaraq keçirilən bu proqrama ilk dəfə idi ki, qatılırdım. Agentliyə, onun rəhbərliyinə bu seçimi üçün çox minnətdaram. Qədim və gözəl Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində 3 gün davam edən bu proqramda nələr gördüm? İlk növbədə, yüksək səviyyəli təşkilatçılıq, mükəmməl komanda, layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər, yeni ruh, yaradıcı atmosfer, kreativliklə dopdolu gənclər…

 

Bu dəfə yüz nəfər QHT təmsilçisi inkişaf və mübadilə proqramından bəhrələndi. Yüksək səviyyəli təşkilatçılıq QHT-ləri doğmalaşdırdı, onların arasında səmimi mühit yaratdı, gələcək əməkdaşlığa körpü oldu… Beynəlxalq dərəcəli ekspertlərin faydali təlimləri, heç şübhəsiz, QHT-lərin inkişafında mühüm rol oynayacaq… Gənclərə verilən meydan, onların qarşısında açılan yol isə təkcə o gənclərə deyil, Azərbaycanda vətəndaş cəmiyyətinin sabahına olan qayğıdır, diqqətdir…

 

“QHT-lərin V inkişaf və mübadilə proqramı” bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 ərəfəsində keçirilirdi. Bağlanış mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın bu mövzuda dolğun təqdimatını böyük maraqla dinlədik. Onun fikrincə, Azərbaycan bu nüfuzlu tədbirlə “yaşıl gündəliyini” dünyaya təqdim edəcək. Elə “QHT-lərin V inkişaf və mübadilə proqramı” da Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub. Daha bir maraqlı məqam isə QHT təmsilçilərinin yaşıl dünya naminə öz həmrəyliklərini rənglərin dili ilə ifadə etməsi idi. Agentliyin kreativ yanaşmasının nümunəsi olan banerdə təsvir olunan qurumuş ağac (bu ağac, həm də körpəsini və əlini göyə açıb fəryad edən ana kimi təsvir olunub, elə körpə də əlləri göyə, sanki imdad diləyir) diqqətdən yayınmadı. Bütün iştirakçıların öz əllərini rənglərə batıraraq bu ağaca “can” verməsi, onu “yaşıllaşdırması” isə insanlığa sülh və yaşıl dünya naminə həmrəyliyə çağış idi…

Asudə vaxtın səmərəli təşkili üçün də gözəl proqram düşünülmüşdü. Şamaxının qədim tarixə malik Dəmirçilər kəndinə, 65 yaşlı Şamaxı Rəsədxananasına səfərlər tariximizin dünəni, bu günü ilə bağlı yaddaşımızı təzələdi…

 

Yoqa proqramı, DJ şou proqramı daha çox gənclərin ürəyindən idi…

 

Bir sözlə, “QHT-lərin V inkişaf və mübadilə proqramı” mükəmməl bir komandanın daha bir uğuru kimi yadda qaldı. Bu uğur isə, heç şübhəsiz, QHT-lərlə birgə daha güclü Azərbaycan naminə çalışmağa sövq edir…

FİRUZƏ RƏSULOVA

 

“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İB-nin sədri

Fotolar