Azərbaycanın mənzil tikintisi sahəsində boşluqlar və özbaşınalıqlar saysız-hesabsızdır. Rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görüləcəyi barədə tez-tez məlumatlar verilməsinə baxmayaraq, tikinti şirkətləri və MTK-lar tərəfindən sakinlərdən sayğaclara görə qanunsuz ödənişlərin yığılması, onların aldadılması, işlərin natamam görülməsi (tikinti norma və qaydalarına əməl edilmir) və s. kimi problemlər davam edir.
Xəbər verdiyimiz kimi, Xeberle.com-a müraciət edən Bakı şəhər sakini V. Süleymanov “Dörd Qardaş” MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ki, vətəndaşın sözügedən MTK-dan aldığı mənzilin təmiri və sağac quraşdırması üçün əlavə ödənişlər tələb edilib.
Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən mənzil onun üçün əsl problemə çevrilib.
Abşeron rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənli V.Süleymanovun xeyrinə qərar çıxarsa da, qərar bu günə qədər icra edilməyib. Bu qərardan sonra öhdəliyi icra etməyən “Dörd Qardaş” MTK qərardan apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq işin hakimi Lalə Rəhimlidir. İddiaçı V. Süleymanov hakimin ədalətli qərar çıxaracağına ümid edir: “Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır. Mən də haqlı olduğuma əmin olduğum üçün Həqiqət xanımın ədalətli qərar çıxaracağına inanıram”.
Xatırladaq ki, V. Süleymanov məhkəməyə müraciətində 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırkı iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının, vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Həmçinin iş materiallarında olan “Dörd Qardaş” MTK tərəfindən verilmiş 31.05.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Süleymanov Vüqar Tahir oğlu tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən “Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 2 saylı mənzilin sahəsinin pay dəyəri tam ödənilmişdir, payçının MTK-ya mənzil üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Abşeron rayon məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb. Belə ki, qərarda bildilir ki, iddiaçı Süleymanov Vüqar Tahir oğlunun cavabdeh «Dörd Qardaş» MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil «Dörd Qardaş» MTK tərəfindən Süleymanov Vüqar Tahir oğluna təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq Süleymanov Vüqar Tahir oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı «Dörd Qardaş» MTK-nın cavabdehə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Təəssüf ki, “Dörd Qardaş” MTK tərəfindən hələ də məhkəmə qərarı icra edilməyib.
Ümid edirik ki, Sumqayıt Apellyasiya Məhkəməsi də Abşeron rayon Məhkəməsinin qərarını qüvvədə saxlayacaq və vətəndaşın hüquqlarını ədalətli şəkildə bərpa edəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Xeberle.com)