“Gold Residence” adlı MTK şirkəti Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsindəki qəzalı vəziyyətdə olan beşmərtəbəli binanı söküb, ərazini almaq istəyir. Ancaq bina sakinləri buna etiraz edirlər.Problemlə əlaqədar yerli sakinlər redaksiyamıza müraciət ediblər.
Onların dediyinə görə, bu evlərin qarşılığında şirkət onlara 15 min manat pul təklif edir, ya da 14-15 kv. metrlik evlər verir. Həmin evlər də şəhərdən kənarda yerləşən Bakı kəndlərindədir. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunsa da, “baxılacaq” deyilib, amma hələ də baxılmayıb. Vətəndaşların qazını, suyunu və işığını kəsiblər, axşamlar da gəlib evdən çıxmaları üçün hədə-qorxu gəlirlər. Bina 30 ilə yaxındır qəzalı vəziyyətdədir, bu barədə həmin illər ərzində FHN-dən heç bir sənəd verilməyib:
“…Amma şirkət əraziyə yerləşib, köhnə binaların ortasında bir otel tikəndən sonra gözü bu binalara düşüb və FHN-dən onların qəzalı vəziyyətdə olması ilə bağlı “tezbazar” sənəd ala bilib. İndi həmin sənədi əsas gətirərək, bizdən bu binanı təcili tərk etməyimizi tələb edirlər. Kişilərimizlə, cavan oğlanlarla burda dava-qırğına, şillə-təpiyə çıxırlar, zor tətbiq edirlər, gecənin bir vaxtı gəlib, hədələyirlər ki, “səhər evi boşaldın!”. Bizə 14-15 kv. metrlik evlər təklif edirlər, halbuki, pilot layihələrdə 56 kv. metrdən aşağı ev yoxdur. Suyumuzu, qazımızı, işığımızı kəsirlər. Bu binada ikili vətəndaşlığı olan sakinlər də yaşayır. Onlara deyirlər ki, “Azərbaycandan imtina et, get, Rusiya səni qəbul etsin”. Bu şirkətin rəhbəri adını “Hacı” qoyub. Biz bilmirik, hacılıq bunun baş daşındadır, yoxsa əməlində? Əgər burdan köçürüksə, 45 kv. metr bizim haqqımızdır. Burdakılar 128-ci və 130-cu küçələrdəki binanın sakinləridir. Toplasan, burda 50 nəfər var. Zəhmət çəksinlər, haqqımızı versinlər”,- deyə, məhəllə sakinləri şirkət nümayəndələrinin davranışından şikayət ediblər.
Məsələ ilə əlaqədar “Gold Residence”in (Digər adı ilə “İmişli MTK”) rəsmi nümayəndəsi ilə əlaqə saxlsaq da, şirkətin mövqeyi ilə bağlı redaksiyamıza açıqlama verməkdən imtina etdi. “Vüsal müəllim” adlanan şəxs bizi şirkətin ofisinə dəvət edib, məsələ ilə əlaqədar “təklikdə özəl” söhbət etməyi təklif etdi. Bu təklifin qanundankənar olduğunu bildirsək də, “sizi belə adi zənglə tanıya bilmərəm, gəlin, ofisdə söhbət edək” deyib, açıqlama verməkdən imtina etdi. Şirkətin rəhbəri olduğunu iddia edən Vüsal müəllimə məhəllə sakinlərindən bir neçə nəfərlə şirkətə gəlib, məsələni müzakirə etməyi təklif etsək də, yenə də müsbət cavab ala bilmədik.
Bina sakinlərinin müraciəti üzrə ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik. Qarşı tərəfin mətbuat etikasına zidd təklifləri istisna olmaqla, məsələ ilə əlaqədar verəcəkləri açıqlamanı dərc etməyə hazırıq.
Problemlə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyi barədə də araşdırma aparmaq üçün müvafiq qurumlara sorğu verəcək və nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq. (Bizimyol)