Ötən seçkilərdə baş verən müəyyən seçki pozuntuları, seçicilərin öz iradəsinin əksinə təsdiqlənmiş namizədlərin parlamentdə, həm də bələdiyyədə olması Azərbaycan vətəndaşında seçkiyə inamı xeyli azaldıb. Bu sözləri Tribunainfo.az-a 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Ərturqut Şərəfxanlı bildirib.
O qeyd edib ki, bu baxımdan seçicilərin 1 sentyabr seçkilərinə marağını yüksək qiymətləndirmək olmaz: “Elə o səbəbdən də görüşlərdə iştirakı seçki fəallığı, ölkədə seçki aktivliyi kimi qələmə vermək düzgün olmazdı. Düzdür, bəzi namizədlər var görüntü üçün müəyyən fotolar, videolar yayırlar ki, guya görüşlərdə xeyli sayda seçici iştirak edir. Ancaq təəssüf ki, bu görüşlər inzibati resurslar əsasında formalaşır və bu da seçki mühitində bərabər rəqabət şəraitini pozur”.
Ərturqut Şərəfxanlının sözlərinə görə, bütün bunlarla yanaşı məhəllə görüşlər keçirərək seçicilərlə ünsiyyətdə olmaq mümkündür və buna tam sərbəst imkan yaradılır: “Azərbaycan vətəndaşında seçki inamını qaytarmaq üçün bu görüşlər əhəmiyyətlidir”. Deputatlığa namizəd hesab edir ki, Azərbaycanda bütün dairələr üzrə, daha çox şəhər dairələri üzrə problemlər eynidir, insanlar eyni məsələlərdən şikayətlənirlər: “Bunlar işsizlik, öz hüquqlarının müxtəlif dövlət qurumlarında kobud şəkildə pozulması, sosial müavinətlərin verilməsində yaranan problem, əlillik dərəcəsinin müəyyənləşməsində və ya ləğv olunmasında yaranan pronlemlərdir. Ayrı-ayrı məhəllələr var ki, onlarda işıq, yol və digər problemlər üzə çıxır. Bütünlükdə isə seçicilərin əksəriyyəti maaşların az, qiymətlərin isə bahalığına şikayətlənirlər”.
Dairədə əsas rəqibi haqda danışan Ərturqut Şərəfxanlı VI çağırış üzrə deputat olmuş Ülvi Quliyev barəsində seçicilərin fikirlərini bölüşüb: “Seçicilərlə görüşlər zamanı bizə məlum oldu ki, bəzi küçələrdə seçicilər nəinki Ülvi Quliyevdən narazıdırlar, hətta onun seçicilərlə görüşməsinə belə etiraz edirlər”.
Ə.Şərəfxanlı bildirib ki, etirazla qarşılaşan rəqibi Ülvi Quliyev bəzi seçicilərlə ofisdə görüşmək məcburiyyətində qalır: “Ülvi Quliyev də bu etirazın qarşılığında bəzi seçicilərlə öz ofisində, yəni seçicini yanına çağıraraq onunla görüşür. Səhv ermirəmsə, Ülvi Quliyev iki dönəm bu dairədən namizəd olub. Yenə deyirəm, rəqib olaraq danışmaq bir az qaydalara uyğun olmaz. Lakin hər halda, Yasamalda olan problemlərdə və bu vaxta qədər parlamentdə ümumiyyətlə, Ülvi Quliyevin hansısa problemi qaldırmaması bir deputat kimi onun haqqında seçicinin rəyini formalaşdıran əsas arqumentdir. Eyni zamanda, Azərbaycan mediasında onun haqqında çıxan yazılara da rəsmi münasibət bildirməməsi göstərir ki, “od olmayan yerdən tüstü çıxmaz…”