Buraları kimin VİCDANINA YAZAQ?.. – NARAZILIQ VAR…

Moderator.az xəbər verir ki, Bakının Binəqədi və Abşeron rayonlarının birəlşdiyi ərazidə – Binəqəd Gənclər Şəhərciyinin qarşısındakı qəbiristanlıq artıq bir neçə ildir ki, sözün həqiqi mənasında çirkab suların “mühasirəsindədir”.

Bir tərəfində göl yerləşən qəbiristanlığın digər tərəflərində kanalizasiya sularının əmələ gətirdiyi çirkab göllər və iri axarlar var ki, bu da qəbiristnalığın yalnız bugünü deyil, gələcək vəziyyəti ilə bağlı da narahatlıq yaradır. Qəbiristanlıq bir qədər hündür yerdə salınsa da, ərazidəki kanalizasiya sularının gündən-günə artması sözügedən məzarlığın aqibətini sual altında qoyur.


Qəbiristanlığın ətrafındakı üfunətli gölməçələr isə doğmalarının qəbirlərini ziyarətə gələn insanları narahat edir. Vətəndaşlar iddia edir ki, qış aylarında yağışların yağması ilə ərazidəki kanalizasiya sularının miqdarı da artır ki, bu da qəbiristanlığı ziyarət etməyi daha da çətinləşdirir.

Binəqədi sakinləri ümid edir ki, əlaqədar qurumlar qəbiristanlığı çirkab suların mühasirəsindən çıxarmaq üçün lazımi addımları atacaq, vətəndaşların daha bir neçə ilə əziyyət çəkməsinə imkan verməyəcəklər.