Ramanada Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqlara kimlər necə divan tutub?

Son vaxtlar Ramanada Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqların uzun illər ərzində müxtəlif qondarma sənədlərlə yüzlərlə sakinə satılması faktının araşdırılmasına başlanılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ramana sovxozu ərazisi bir neçə il bundan öncə satılaraq məmurlar tərəfindən həzm-rabedən keçirilib. Hazırda ərazidəki bir çox evin hasarları sökülməkdə, torpaq sahələrinin praktiki şəkildə nazirliyin balansına qaytarılması istiqamətində əməli addımlar atılmaqdadır.

Bəs bunca torpaq sahəsinin uzun illər ərzində sot-sot, hissə-hissə vətəndaşlara satılması necə baş verib? Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaq sahələrini dədə-baba malı kimi vətəndaşlata sırayan hansı məmurlar, hansı işbazlar olub?

Məlumat üçün qeyd edək ki, vətəndaşlarla aparılan söhbətlərdən məlum olub ki, sakinlərə torpaqların böyük əksəriyyəti 2008-2009 və 2011-2012-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamları ilə satılıb. Başqa sözlə desək, Abşeron Rayon İcra Hakimiyyəti göstərilən tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqları heç bir yetki və səlahiyyəti olmadığı halda vətəndaşlara sataraq bundan milyonlarla manat məbləğində vəsait qazanıb. Bütün tikinti prosesi də icra hakimiyyətinin “xeyir-duası” və razılığı ilə həyata keçirilib. Notarius vasitəsilə həyata keçirilən alqı-satqılarda aktiv rol oynayan əsas məmurlardan biri isə Ərəstun adlı şəxs olub.

Ərəstun adlı bu şəxs Binə-Ramana qəsəbələrində torpaq alqı-satqısında ən çox adı çəkilən şəxsdir. Bu qəsəbələrdə toplam yüz hektarlarla torpaq sahəsi məhz onun vasitəsi ilə satılıb. Hazırda Xəzər rayonunun Binə qəsəbəsində icra nümayəndəsinin müavini vəzifəsində çalışan bu şəxs, rayon ərazisindəki bir çox torpağı 2000-ci illərin əvvəllərində Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sataraq özünə və “yuxarılara” böyük pullar qazandırıb. Bu gün – Ramana sovxozu ərazisində inşa edilən evlərin hasarları söküldüyü bir zamanda sakinlər vaxtiylə bu torpaqları onlara sırıyan Ərəstun adlı məmuru tapa bilmir. Bununla yanaşı, mövcud kritik durum – yüzlərlə insanın evsiz-eşiksiz qalmaq təhlükəsi daha bir neçə sualı aktual edir.
Abşeron Rayon İcra Hakimiyyəti ona aid olmayan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqları necə, hansı əsasla satıb? Əgər veriən sərəncamlar bu gün də qüvvədədirsə, o zaman vətəndaşların evlərinin hasarları niyə sökülür?

Aldadılan və bu gün əmlaklarını itirmək təhlükəsi ilə üz-üzə qalan vətəndaşlar bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğa müraciət edəcəkərini bildirirlər. Sakinlər hesab edir ki, onları aldadaraq milyonlar qazanan məmurlar, onların əlaltıları qanun qarşısında cavab verməl, öz layiqli cəzalarını almalıdırlar.
Mələk Məmmədli
TEREF