Qazaxıstan bizim üçün həm qardaş məmləkətdir, həm də müttəfiq, vacib tərəfdaşlarımızdain biridir. Ölkələrimiz ayıran Xəzər dənizi vaxtilə maneə sayılırdısa, indi əksinə maneə sayılmır. Çünki bizim xeyli sayda razılaşmalarımız var. İnsanların, yüklərin daşınmasında Qazaxıstanla zəncirvari proses yaradılıb. İntermodal daşınmalardan söhbət gedirsə, həm yerdə, həm havada, həm də dəniz üzərində daşımalar nəzərdə tutulur ki, biz onları da uğurla həyata keçiririk. Amma Bakı ilə Astana arasında həm də strateji tərəfdaşlıq, eləcə də hərbi sənaye kompleksində də yaxınlığımız var. Təsadüfi deyil ki, biz bir neçə dəfə birgə hərbi təlimlər keçirilib. Qazaxıstan və Azərbaycanın silahlı birləşmələri bu işdə vahid tərzdə fəaliyyət göstəriblər. Bu ondan xəbər verir ki, biz ilk növbədə təhlükəsizlik və sabitliyin qorunmasında bir-birimizə güvənirik.
Vaxtilə Heydər Əliyevin dövründə Qazaxıstanın birinci prezidenti ilə təməl daşı qoymuşdular ki, bizim dövlətlərimiz həm qardaşdırlar, həm Türk Birliyinin yaxın üzvləridir, gərək bunlar həmişə bir-biri ilə yaxın əlaqədə olsunlar, siyasi elitasının bir-birindən xəbəri olsun. Təsadüfi deyil ki, son illər ərzində biz Prezident İlham Əliyevin bir neçə səfərinin şahidi olmuşuq. Belə ki, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarınən Azərbaycana ümumilikdə 15 rəsmi səfəri baş tutub.
Avqustun 9-da Qazaxıstanın paytaxtında bölgə ölkələrinin işgüzar, yüksək səviyyəli görüşü keçirildi. Prezident İlham Əliyev bu görüşə Fəxri qonaq kimi dəvət olunub. Bu, birinci dəfə deyil ki, Azərbaycan liderini belə səviyyədə olan tədbirlərə dəvət edirlər. Birincisi, biz həm coğrafi baxımdan bir-birimizə sıx bağlıyıq, digər tərəfdən Türk Birliyinin fəal üzvləriyik. Bakı, Astana, Daşkənd, Bişkek və Aşqabadda biryerdəyik. Amma bu 2-3 ölkə ilə Azərbaycan daha yaxından əməkdaşlıq edir. Bu həmkarlığın da böyük faydalarını görürük. Pandemiya dövründə ölkələrimiz arasında daşımalarda 33% civarında artım olmuşdu. Bu, özünəməxsus göstərici idi. Çünki o zaman bütün dövlətlər qapılarını bağlamışdı, çalışırdılar ki, özünütəcrid siyasətini həyata keçirsinlər. Amma Prezident İlham Əliyev Türk Dövlətlərinin növbədənkənar fövqəladə sammitini videoformatda keçirməklə bəlli etdi ki, biz özümüzü qoruya bilirik, milli səviyyədə proqramlarımız var, amma həm də daşımalardan imtina etmirik. Çünki daşımalar ölkələrimizə iqtisadi divident gətirir. Digər tərəfdən pandemiya ilə bağlı lazımi ləvazimatları, tibbi vasitələrinin daşınmasında yaxından iştirak edirdik. Həm özümüzə, həm də digər məmləkətlərə kömək edirdik.
Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edərək bu mötəbər toplantıdakı çıxışında ölkə başçısı İlham Əliyev qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Dövlətlərimizin rəhbərləri səviyyəsində dialoq həmişə yüksək səviyyədə keçir. Bu dialoq praqmatizim səviyyəsində köklənmiş dialoqdur. Həmişə bir-birimizdən xəbərdarıq. Bu da bizə kömək edir ki, yeni çağırış, təhdidləri lazımı qaydada dəyərləndirək, həm onları qarşılayaq, həm də vahid mübarizə sistemində bir nöqtədə olaq. Belə görüşlərin də, vaxtaşırı səfərlərin böyük əhəmiyyəti var. Çünki dövlət rəhbərləri həmişə belə görüşlərdən layiqincə istifadə edirlər ki, lazımı məqamları müzakirə etsinlər, həm vahid baxış nümayiş etdirsinlər, görsünlər ki, korrektə olunası məsələlər varsa, onları necə təmin etmək lazımdır.
“Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Vurğulanıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru