Şəkildə gördüyünüz bu adam Fikrət Məmmədovdur. Əbülfəs Qarayevin nazir olduğu dönəmdə mədəniyyət və turizm nazirliyində çalışıb. Sonra oradan uzaqlaşmalı olub (bunun da maraqlı səbəbi var-müəllif). Aktiv sosial şəbəkə istifadəçisidir, yazılarını birmənalı olaraq rus dilində yazır.
Əsasən tənqidi üslübda yazılar yazaraq, rusdili auditoriyaya xitab edir. Tənqidçi olmağı çox yaxşıdır, çünki tənqid olmayan yerdə inkişafdan danışmağa dəyməz. Ancaq gərək tənqid də obyektiv və faktlara əsaslanan olsun. Təəssüflər olsun ki, biz Fikrət Məmmədovun publik çıxışlarında bu obyektivliyi görə bilmirik. Əksinə, milli dəyərlərimizə, dilimizə, millət olaraq IQ (“ay-kyü”) səviyyəmizə , tarixi şəxsiyyətlərimizə yönəlik həqarət sezirik.
Sual oluna bilər: niyə mən birdən-birə Fikrət Məmmədov yaradıcılığına müraciət etməli oldum? Bugünlərdə mənə onun yazdığı bir statusu göndərdilər. Sadəcə, istirahətdə olduğum dönəmə düşdüyü üçün, Fikrət bəyə cavab verməyi bir neçə gün sonraya saxlamaq qərarına gəldim.
Deməli, bu adam bir neçə gün əvvəl Bakıda həbs edilən “Oleq Bakinski” kimi tanınan Oleq Krapivinlə bağlı Azərbaycan mediasında edilən təqdimatı “yüksək səviyyəli faişəlik” adlandırıb. Elə belə də yazıb. Fikirlərini bununla izah edir ki, media bir vaxtlar bu adamı Ukraynadakı diasporumuzun fəalı kimi təqdim edib, indi isə ona kriminal avtoritet damğası (?) vurur.
Düzü, Fikrət Məmmədov mediaya yönəlik bu təhqirində nə mənim, nə də bizim saytın adını çəkməyib. Görünür, özü rusdilli olduğu üçün, məhz rusdilli saytların linkini paylaşaraq bu təhqiri mediaya ünvanlayıb. Fikrət bəyin bu təhqirinə niyə mən cavab vermək qərarına gəldim? Çünki Oleq Krapivinin Bakıda həbs edildiyi ilə bağlı məlumatı ilkin olaraq mənim rəhbəri olduğum Azinforum.az saytı yayıb.
Həmin məlumatın doğruluğunu DİN operativ olaraq təsdiqləmişdi. Xəbərin təqdimatında biz Oleq Krapivinin kriminal dairələrdə “Oleq Bakinski” kimi tanındığını yazmışıq. Buna görə də, hesab edirik ki, Fikrət Məmmədovun təhqirindən bütün mediaya olduğu kimi bizə də pay düşür. Fikrət Məmmədovun nəzərinə çatdırmqa istəyirəm ki, “Oleq Bakinski”nin kriminal aləmlə əlaqəsi olması sirr deyil.
Hətta özü verdiyi müsahibələrdə dolayısı ilə bunu etiraf da edib. Gəlin bir reallığı da qəbul edək. Elə ölkələr var ki, sənin belə əlaqələrin olmasa, biznesini qoruyub saxlaya bilməzsən. Bu o demək deyil ki, belə əlaqələrə malik olan adamları biz diasporaya yaxın qoymamlıyıq. Əgər Kim Kardaşyan kimi porno ulduzu erməni diasporu sıralarından qovmursa, biz niyə kriminalla tanışlığı olan hansısa məşhur adamı diasporumuza yaxın buraxmamalıyıq?
Bu müqyisə Fikrət Məmmədovun özünün məntiqinin lazımi səviyyədə olmamasından xəbər verir. Dəfələrlə biz şahidi olmuşuq ki, dövlətin ciddi etimad göstərərək yüksək vəzifəyə təyin etdiyi bəzi adamlar sonradan korrupsiya əməllərinə görə işdən qovulub və ya həbs ediliblər. İndi media bu tip adamların əvvəlki və son aqibəti barədə xəbərləri tirajlamamlıdır ki, birdən Fikrət Məmmədov bunu “faişəlik nüminəsi” kimi qəbul edər?
Bir az araşdırdıqda məlum oldu ki, sən demə, mən bir dəfə Fikrət Məmmədov “yaradıcılığına” baş vurmuşam. Həmin məlumatlar internet resurslarında qalır. 2017-ci ildə Fikrət Məmmədov eyni üslubda Azərbaycan dilini təhqir etmişdi. Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırmışdı və qeyd etmişdi ki, bu dildə böyük bədii və elmi əsərlər yazılmayıb.
Həmin vaxt Fikrət Məmmədova faktlara söykənən sərt cavab vermişdim. Sonra gözümə dəymədi, böyük ehtimalla məni dostluqdan silmişdi. Fikrət Məmmədov həmçinin bildirir ki, bizim bir xalq, millət olaraq heç bir tariximiz yoxdur, sadəcə, bəzi siyasi məsələlərin həlli üçün trixi hadisələrlə interpretasiya edirik. Sonra Şah İsmayiıl Xətai barədə yazır ki, bu tarixi şəxsiyyətin Azərbaycana heç bir aidiyyəti yoxdur və onu cəllad adlandırır. Sonra millətimizin IQ (“ay-kyü”) səviyyəsinin çox aşağı olduğunu qeyd edir.
Buna etiraz edənlərə isə bildirir ki, qoy ermənilər görsün ki, uduzduqları o qədər də ağıllı millət deyilmiş. Bilməyənlər üçün qeyd edim ki, İQ millətin malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. İntellekt əmsalı ümumi intellekt faktorunun qiymətləndirilməsi üçün tətbiq edilir. Bundan əlavə, Fikrət Məmmədov Azərbaycan məmurlarının ölkə başçısına olan sədaqətini “sobaçaya predannost” “it sədaqəti” kimi təqdim edir.
Çox maraqlıdır, millətinin səviyyəsini, tarixi şəxsiyyətlərini, dilini, məmurların ölkə başçısına sədaqətini bəyənməyən, bu ali dəyərləri ən pis formada təhqir edən, ölkənin medasının informasiya təqdimatına faişəlik adı verən bu adamın özü kimdir?
Ola bilər ki, Fikrət Məmmədov kökən azərbaycanlı (türk) deyil. Bu ona əsas vermir ki, başqa millətin dəyərlərini bu şəkildə təhqir etsin. Yox, Fikrət Məmmədov həqiqətən azərbaycanda yaşayan türkdürsə, onda onun bu baxışlarına bir ad vermək olar-DÖNÜKLÜK!