Ağcabədi rayonunun Sarıcalı kəndində su çatışmazlığı problemi var.
Sakinlərin TNS-in yerli müxbirinə verdiyi məlumata görə, onlar həm içməli, həm də suvarma suyundan korluq çəkirlər.
Kənd sakini Elvin Səfərov deyib ki, artezian quyusu olsa da, hazırda sıradan çıxıb: “Artezian quyusu batıb. 10-12 ildir, zülm çəkirik. Maşını olan su gətirir, olmayan da min bir əziyyətə qatlaşır. Əl arabası ilə su daşıyırıq. Aidiyyəti qurumlara dəfələrlə etdiyimiz müraciətə baxan yoxdur”.
Sakinlərdən Tural Səfərli isə bəzən yuyunmağa su tapmadıqlarını bildirib: “Fəhləlikdən gəlirsən, evdə yuyunmağa su tapmırsan, qalırsan pis vəziyyətdə. Evdə 4 uşaq var, su yoxdur ki, paltar yusunlar. 35 evdən pul yığıb, mühərrik, boru aldıq, amma quyudan yenə su çıxmadı. Müraciətlərimizə baxılmır, deyirlər ki, guya 2025-ci ildə həll ediləcək”.
Kənd sakini Dilarə Həsənova deyib ki, özləri pul toplayıb, artezian quyusu qazdırıblar: “Bir müddət ordan su götürdük. Amma 12 ildən çoxdur, onun suyu quruyub”.
Məmməd Hüseynov isə 40 metr dərinlikdən su çıxardıqlarını söyləyib: “Həmin su da şordur. İstifadəyə yararsızdır. Ağacları sulayırıq, hamısı quruyur”.
Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin rəis müavini Kənan Köçəriyev TNS-ə deyib ki, Sarıcalı kəndində A-5 reper nömrəli subartezian quyusu mövcuddur: “Həmin artezian quyusu havaların quraqlıq keçməsi, yeraltı suların səviyyəsinin enməsi, uzun illərdir, istismar edilməsi nəticəsində batıb. Hazırda quyunun təmir-bərpa edilməsinə ehtiyac yaranıb. Bildirim ki, subartezian quyusunun bərpası əsaslı təmir planına uyğun olaraq həyata keçirilir. Gələcəkdə dövlət vəsaiti ayrılsa, əsaslı təmir planına uyğun olaraq, layihə-smeta sənədləri hazırlandıqdan sonra növbəti illərdə bərpası nəzərə alınacaq”.